XƏBƏRLƏR

Azərbaycan və IFC "yaşıl enerji" əməkdaşlığını müzakirə edib

DEKABR 19, 2023

Azərbaycan və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında "yaşıl enerji" layihələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.

Energetika naziri Pərviz Şahbazov IFC-nin Avropa, Latın Amerikası və Karib hövzəsi ölkələri üzrə regional vitse-prezidenti Alfonso Qarsia Moranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Nazirlik və Korporasiya arasında dənizdə külək enerjisindən istifadə də daxil olmaqla bərpa olunan enerji layihələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.

Nazir Azərbaycanda yaşıl enerjidən istifadənin genişləndirilməsi sahəsində IFC və Dünya Bankı Qrupu ilə əməkdaşlıq layihələri, o cümlədən dənizdə külək enerjisi üzrə Yol Xəritəsi, elektrik enerjisi şəbəkəsinin gücləndirilməsi və bərpa olunan enerji ixracı planları haqqında danışıb. O, ölkəmizin yaşıl inkişaf və qlobal iqlim hədəflərinə uyğun olaraq layihələrin vaxt itirmədən və səmərəli şəkildə həyata keçirilməsinin vacibliyini qeyd edib.

IFC rəsmisi Azərbaycanın COP29 beynəlxalq konfransına ev sahibliyi ilə əlaqədar təbriklərini çatdırıb. O, ölkəmizin unikal yaşıl enerji potensialına, bu sahədə iddialı hədəflərinə və əldə etdiyi nailiyyətlərə diqqət çəkərək təşkilatın layihələrin həyata keçirilməsində texniki dəstək göstərməyə hazır olduğunu bir daha vurğulayıb.

Söhbət zamanı "yaşıl enerji"nin Xəzərdən Avropaya və Naxçıvandan Türkiyəyə ixracı, enerji keçidi, enerji effektivliyi, yaşıl hidrogen, elektromobillik və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

https://report.az/energetika/azerbaycan-ve-ifc-yasil-enerji-emekdasligini-muzakire-edib/