Azərbaycan və Türkiyə regionda birgə “yaşıl” gələcək inşa etmək üçün böyük imkanlara, örnək enerji əməkdaşlığı modelinə, dövlət rəhbərlərinin timsalında güclü siyasi dəstəyə malik olan müttəfiqlərdir.
Bunu energetika naziri Pərviz Şahbazov Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası, Naxçıvanla Türkiyə arasında yeni enerji kommunikasiya əlaqələrin qurulması, Orta Dəhlizin strateji əhəmiyyətinin artması dünyada enerji təhlükəsizliyi və enerji keçidinin mühüm komponenti kimi "yaşıl enerji"nin rolunun güclənməsi qardaşlıq əlaqələri, o cümlədən enerji birliyimiz qarşısında yeni imkan açır.
Nazir vurğulayıb ki, "Əsrin müqaviləsi"nin imzalanmasından bu günə qədər enerji sahəsində nailiyyətlərin hər birində Azərbaycanla Türkiyənin imzası var.
Onun sözlərinə görə, Şuşa Bəyannaməsi enerji əməkdaşlığımızı müttəfiqlik münasibətlər səviyyəsinə yüksəldir: “Enerji təchizatı təhlükəsizliyinin gücləndirilməsi üçün elektrik enerjisi, bərpa edilən enerji sahəsində regional əməkdaşlıq on plana çıxır. Yeni əməkdaşlıq istiqamətləri enerji müttəfiqliyinə xidmət edən platforma kimi Azərbaycan Türkiyə Enerji Forumunun başlıca prioritetləridir".
Nazir əlavə edib ki, Azərbaycanın 2030-cu ilədək təmiz ətraf mühitə və "Yaşıl artım"a, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın yaşıl enerji zonaları kimi inkişafına nail olması, “yaşıl enerji”nin təchizatçısına çevrilməyi hədəfləyən strategiyası Azərbaycan-Türkiyə enerji əməkdaşlığının bu yeni istiqamətdə inkişafını təşviq edir: “Azərbaycan Prezidentinin bərpa olunan enerjinin inkişafını və bu enerjinin müxtəlif marşrutlarla dünya bazarlarına nəqlini prioritetləşdirən dövlət siyasəti Türkiyə ilə "Yaşıl enerji" dəhlizinin qurulmasını, ölkəmizlə Avropa arasında elektrik enerjisi üzrə körpü olmasını şərtləndirir”.
P. Şahbazov xatırladıb ki, bu ilin sentyabrında Azərbaycanda və Türkiyədə bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsinə dair əməkdaşlıq sənədinin imzalanması mərasimində hər iki dövlət başçısının iştirakı da göstərir ki, ölkələrimiz yeni strateji kursun birgə həyata keçirilməsində qərarlıdırlar və onların siyasi iradəsi bu prosesdə də həlledicidir.
https://report.az/energetika/perviz-sahbazov-azerbaycan-ve-turkiye-regionda-yasil-gelecek-insa-etmek-ucun-boyuk-imkanlara-malikdir/