XƏBƏRLƏR

Azərbaycan Türkiyə ilə “yaşıl enerji” tərəfdaşlığının əsas ağırlıq mərkəzlərini açıqlayıb

DEKABR 21, 2023

Azərbaycan Türkiyə ilə “yaşıl enerji”nin istehsalı və ixracı üzrə əməkdaşlığa başlayıb, bunu energetika naziri Pərviz Şahbazov Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, növbəti illərdə 10 QVt-dək "yaşıl enerji" güclərinin yaradılması və bunun 5 QVt-nın müxtəlif marşrutlarla ixracı ilə bağlı planlarımızda Türkiyə əsas tərəfdaşlarımızdandır: “Türkiyə ilə “yaşıl enerji” tərəfdaşlığımızın əsas ağırlıq mərkəzləri Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur kimi geostrateji əhəmiyyətli bölgələrimizdir. Türkiyənin "Baltech" şirkəti ilə Naxçıvanda 50 MVt gücündə günəş, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında isə 200 MVt gücündə külək elektrik stansiyaları layihələri üzrə əməkdaşlığımız bunun bariz göstəricisidir. "Baltech" şirkəti ilə əməkdaşlıq təkcə "yaşıl enerji"nin istehsalı ilə məhdudlaşmır, eyni zamanda bu enerjinin Türkiyəyə ötürülməsi, şəbəkəyə inteqrasiyası kimi istiqamətləri əhatə edir”.

Nazir bildirib ki, bununla yanaşı, Naxçıvanda beynəlxalq enerji şirkətləri ilə “yaşıl enerji” layihələri üzrə əməkdaşlıq edilir: “Burada da diqqət istehsal olunacaq enerjinin əsasən Türkiyə istiqamətində ixracına yönəlib. Bütün bunlar Naxçıvanın 4 illik inkişafı üzrə Azərbaycan Prezidentinin müəllifi olduğu dövlət proqramının "yaşıl" mənbələrə əsaslanan elektrik enerjisinin istehsalı və ixracının artırılması kimi məsələlərdə Türkiyə ilə əməkdaşlığı vurğulayan müddəaları ilə üst-üstə düşür".

https://report.az/energetika/azerbaycan-turkiye-ile-yasil-enerji-terefdasliginin-esas-agirliq-merkezlerini-aciqlayib/