XƏBƏRLƏR

“Yaşıl əjdaha” ilindən yola saldığımız ilin “yaşıl enerji” siyasətinə ötəri baxış

YANVAR 02, 2024

Artıq yeni 2024-cü - “yaşıl əjdaha” ilinə qədəm qoyduq. Yola saldığımız 2023-cü il enerji sahəsində, xüsusilə də “yaşıl enerji” sahəsində bir çox mühüm hadisələrlə yadda qaldı. Ötən il Azərbaycanda “yaşıl enerji” sektorunda bir sıra mühüm işlər görüldü, yeni müqavilələr, anlaşma memorandumları imzalandı. Azərbaycanın “yaşıl enerji” sahəsinə və "yaşıl enerji" məkanına yeni xarici şirkətlər qədəm qoydu və öz təcrübələrini Azərbaycan enerji bazarında bölüşmək, ölkəmizə investisiya yatırmaq imkanlarını araşdırmaq istəklərini qeyd etdilər. Bununla da ötən il Azərbaycan hökuməti tərəfindən “yaşıl əjdaha” ili üçün “yaşıl enerji” sektorunda yeni prioritet hadisələrin davam etdirilməsi üçün yeni zəmin yaradıldı.

Bakıda "Yaşıl Enerji" Məşvərət Şurası Nazirlərin ilk iclası baş tutdu

"Yaşıl enerji" məsələləri ilə bağlı işlər Bakıda hər il keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası Nazirlərin iclasından başladı. Belə ki, artıq 9-cu ildir ki, Azərbaycan Cənub Qaz Dəhlizi Məşvərət Şurası Nazirlərin iclasına ev sahibliyi edir. Amma ötən ilki iclas daha əvvəlkilərindən fərqli oldu. Belə ki, 9-cu iclas çərçivəsində "Yaşıl Enerji" Məşvərət Şurası Nazirlərin 1-ci iclası da baş tutdu.

İlk olaraq ötən ilin yadda qalan enerji hadisələrini xatırladıqda, ilk yada düşən bu iclas çərçivəsində Azərbaycanın Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında “Dənizdə 1,5 QVt-dək külək layihəsinin həyata keçirilməsinə dair İcra Müqaviləsi”, “Quruda 1 QVt külək stansiyasının yaradılmasına dair İcra Müqaviləsi” və “Azərbaycan Respublikasında enerji saxlanc sistemlərinin inkişaf etdirilməsinə dair Anlaşma Memorandumu” imzalanması olur.

Bu, “ACWA Power” şirkəti ilə Azərbaycanın tərəfdaşlığı ümumi gücü 2,5 QVt olan külək elektrik stansiyaları və ölkəmizdə ilk dəfə olaraq enerji saxlanc sistemlərinin yaradılması üzrə layihələri ilə genişlənir. Bu layihələr Azərbaycanın “yaşıl artım” ölkəsi və “yaşıl enerji” təchizatçısı kimi inkişafına dair dövlət siyasətinin həyata keçirilməsinə növbəti töhfələridir.

Qeyd edək ki, hazırda “ACWA Power” şirkəti 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasını inşa edir.

Ərəblər Azərbaycanda küləyi enerjiyə çevirəcək

Ötən ilin ilk ayında Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfəri çərçivəsində Əbu-Dabi şəhərində SOCAR ilə BƏƏ-nin “Masdar” şirkəti arasında Azərbaycanda 2 QVt gücündə Dənizdə Külək və Hidrogen Layihələrinin işlənməsinə dair Birgə İşlənmə Sazişi, həmçinin 1 QVt gücündə Günəş Fotovoltaik və 1 QVt gücündə Quruda Külək Layihələrinin işlənməsinə dair Birgə İşlənmə Sazişi imzalanıb.

Necə olmasa da, Azərbaycan 2030-cu ilə qədər elektrik enerjisi istehsalı gücündə bərpa olunan enerji mənbələrinin payının 30 %-ə çatdırılmasını hədəfləyir. Sözügədən sazişlər Azərbaycanla BƏƏ arasında əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə, habelə Azərbaycanda istixana qazı emissiyalarının azaldılmasına, bərpa olunan enerji mənbələrinin və ölkənin davamlı iqtisadi inkişafına töhfə verəcək.

Xatırladaq ki, bərpa olunan enerji sahəsində “Masdar” hazırda Azərbaycanda 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası layihəsini icra edir. Stansiyanın hər il yarım milyard kilovat/saat elektrik enerjisi istehsal etməyə və atmosferə atılan tullantıların ildə 200 000 tondan çox azaldılmasına imkan yaradacağı nəzərdə tutulur. Yeri gəlmişkən, artıq ötən il “Qaradağ” GES-də ilk günəş paneli də quraşdırılıb.

SOCAR karbonsuzlaşmaya doğru gedir

Ötən il “yaşıl enerji” istiqamətində atılan ən önəmli hadisələrdən biri də SOCAR-ın Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı (JBIC) ilə dekarbonizasiya sahəsində əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumun imzalanması olub. Belə ki, bu memorandum karbon emissiyasının azaldılmasına töhfə verən layihələrin icrasını sürətləndirmək məqsədilə SOCAR ilə Yaponiya şirkətləri arasında əməkdaşlığın təşviqini nəzərdə tutur.

Tərəfdaşlıq çərçivəsində şirkətlər dekarbonizasiyaya doğru qlobal tendensiyaya uyğun olaraq aşağı karbonlu texnologiyaların, o cümlədən karbon tutma və saxlama (CCS) və karbon tutma, istifadə və saxlama (CCUS), hidrogen və ammonyak layihələrinin tətbiqi ilə bağlı məlumat mübadiləsini həyata keçirəcəklər. SOCAR və Yaponiya şirkətləri əməkdaşlığı inkişaf etdirmək və karbon qazının azaldılması və ekologiyanın yaxşılaşdırılmasına töhfə verəcək layihələrin həyata keçirilməsini sürətləndirmək üçün birgə çalışacaqlar.

Yeri gəlmişkən, ötən il SOCAR “Neft və Qazın Dekarbonizasiyası Xartiyası”na (OGDC) da qoşulub. OGDC xartiyası 2050-ci ilə qədər əməliyyatlarda xalis sıfıra nail olma, 2030-cu ilə qədər “Upstream” seqmentində metan emissiyaları üzrə sıfır hədəfinə yaxınlaşma, 2030-cu ilə qədər normal hasilat prosesində məşəldə yandırmaların sıfıra endirilməsi kimi hədəfləri özündə əks etdirir.

Azərbaycanın Çin olan arzuları

Bundan başqa, bütün sadalananlarla bərabər, Azərbaycan “China Gezhouba Group Overseas Investment” şirkəti ilə də 2 QVt gücündə bərpa olunan enerji layihələri üzrə əməkdaşlıq edəcək. Belə ki, Çin şirkəti elektrik enerjisinin yüksək gərginlikli sabit cərəyan kabelləri vasitəsilə uzaq məsafələrə ötürülməsi sahəsində təcrübə mübadiləsini həyata keçirəcək. Azərbaycanın Energetika Nazirliyi ilə “China Gezhouba Group Overseas Investment” şirkəti arasında imzalanan Anlaşma Memorandumu ölkədə sənaye miqyaslı günəş enerjisi, quruda və dənizdə külək enerjisi, enerji saxlama və inteqrasiya olunmuş "ağıllı" enerji sistemləri, həmçinin "yaşıl hidrogen" istehsalı layihələrinə investisiya qoyuluşu üçün potensialın qiymətləndirilməsi üzrə əməkdaşlığı ehtiva edir. Sənəd, həmçinin şirkət tərəfindən layihələrin şəbəkəyə qoşulma imkanlarının tədqiqi, ətraf mühitə təsirin qiymətləndirilməsi, geoloji və topoqrafik tədqiqatların aparılmasını nəzərdə tutur.

Çinlə əməkdaşlıq çərçivəsində “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində elektrik enerjisi, neft-qaz, neft-kimya və bərpa olunan enerji sahələrində əməkdaşlığın inkişafı və enerji layihələrinə investisiyanın təşviqi məqsədilə “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Çin Xalq Respublikasının Milli Enerji Administrasiyası arasında Anlaşma Memorandumu” imzalanıb. Bu sənəd hər iki ölkənin energetika sektorunda ikitərəfli əlaqələrin genişləndirilməsini, yeni texnologiyaların tətbiqi, enerji infrastrukturunun yenilənməsi üzrə əməkdaşlığı, qarşılıqlı investisiya və biznes fəaliyyətlərinin təşviqini, bərpa olunan enerji mənbələri sahəsində təcrübə mübadiləsini, həmçinin birgə konfrans, forum və təlimlərin keçirilməsini nəzərdə tutur.

Naxçıvan “yaşıl enerji zonası”na çevrilir

Ötən il hər il ənənəvi olaraq keçirilən “Bakı Enerji Həftəsi” çərçivəsində “Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” mövzusunda xüsusi sessiya keçirilib. “Heydər Əliyev ili”ndə Naxçıvanda keçirilən bu tədbirin missiyası Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində muxtar respublikanın strateji əhəmiyyəti artır. Naxçıvanın enerji təhlükəsizliyini möhkəmləndirən və onu enerji mərkəzinə çevirən yeni bir inkişaf mərhələsi başlanır. Qarabağ və Şərqi Zəngəzurla yanaşı Naxçıvanın “yaşıl enerji zonası” elan edilməsi də dövlət başçısının mütərəqqi inkişaf siyasətinin təzahürüdür.

Bu ərazilərin bərpa olunan enerji mənbələri üzrə ümumi texniki potensialı 15 QVt təşkil edir. Azərbaycanın azad edilmiş ərazilərində 53,6 MVt gücündə 11 Kiçik Su Elektrik Stansiyaları (KSES) artıq istismar edilir, 70,5 MVt gücündə 7 KSES hazırda inşa olunur və bu il daha ümumi gücü 76,8 MVt olan 9 stansiyanın tikintisinə başlanılacaq. Həmçinin, KSES-lərin bərpasına özəl investisiyanın cəlbi istiqamətində işlər aparılır. Cəbrayılda 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası, Araz çayı üzərində 140 MVt gücündə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları da Şərqi Zəngəzurun “yaşıl” inkişafına öz töhfəsini verəcək.

Əlverişli günəş radiasiyasına malik Naxçıvanın “yaşıl enerji zonası”nda inkişafı üçün Konsepsiya hazırlanıb. Külək və günəş enerjisi üzrə 1 500 MVt-lıq istehsal güclərinin xarici investisiya hesabına yaradılması və onun ən azı 1 000 MVt-nın Türkiyə və Avropa istiqamətində ixracı strateji hədəfimizdir.

Ötən il “Bakı Enerji Həftəsi” çərçivəsində Naxçıvanda Fransanın “Total Energies” və yerli “Nobel Energy Management” şirkətləri ilə ümumi gücü 900 MVt olan günəş və külək enerjisi layihələri üzrə əməkdaşlıq sənədləri imzalanıb. Bu güclərin 650 MVt-ı məhz Naxçıvanda yaradılacaq. Güclərin yaradılması həm Naxçıvanı, həm də Şərqi Zəngəzuru “yaşıl enerji”nin istehsal və istehlakı ilə bərabər ixracının da mənbə və marşrutuna çevirir.

Həmçinin Energetika Nazirliyi “Nobel Energy Management” şirkəti ilə Naxçıvanda 400 MVt gücündə günəş elektrik stansiyasının tikintisi və istehsal ediləcək elektrik enerjisinin Türkiyəyə ixracı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu da imzalayıb. Energetika Nazirliyi və “TotalEnergies” şirkəti arasında 250 MVt gücündə quruda külək, Naxçıvan Muxtar Respublikasında 250 MVt gücündə günəş elektrik stansiyaları, habelə enerji saxlanc sistemləri layihələrinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

https://report.az/energetika/yasil-ejdaha-ilinden-yola-saldigimiz-ilin-yasil-enerji-siyasetine-oteri-baxis/