XƏBƏRLƏR

EWRC: "Azərbaycanla uzunmüddətli müqavilə Bolqarıstanda qazın qiymətini 11 % ucuzlaşdırıb"

YANVAR 03, 2024

Bolqarıstanın kommunal xidmətlər üzrə tənzimləyici orqanı yanvar ayı üçün qazın qiymətində 11,3 %-lik ucuzlaşmanı təsdiqləyib.

Yeni qiymət nəqliyyat xərcləri, aksiz rüsumları və əlavə dəyər vergisi istisna olmaqla bir MVt/saat üçün 77,6 lev səviyyəsində müəyyənləşdirilib.

Bolqarıstanın Enerji və Su Tənzimləmə Komissiyası (EWRC) Azərbaycanla beynəlxalq bazarlardakı neftin qiymətinə bağlı olan uzunmüddətli qaz müqavilələrinin ölkəsində qazın qiymətinin ucuzlaşmasına səbəb olduğunu bildirib.

Bildirilib ki, Azərbaycan qazı ölkədə aylıq istehlakın 40,3 %-ni təşkil edir və EWRC bunu əlverişli qiymətlərə nail olmaq üçün müsbət amil kimi dəyərləndirib. İstehlakın qalan hissəsi mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü müqaviləsi ilə dövlətə məxsus qaz şirkəti “Bulgargaz” və ölkənin Çirəndəki anbarından çəkilən qaz vasitəsilə təmin edilir.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycan qazının Bolqarıstana tədarükünün 1 milyard kubmetrə yaxın olacağı nəzərdə tutulub. Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) vasitəsilə Bolqarıstana qaz tədarükünə iki il əvvəl başlanıb. 2021-ci ildə 270 milyon kubmetr tədarük edilib. 2022-ci ildə tədarük 500 milyon kubmetrdən bir qədər çox olub.

Azərbaycan hazırda Avropada İtaliya, Bolqarıstan, Yunanıstan, Rumıniya və Macarıstana qaz tədarük edir. 2024-cü ildə isə Serbiyaya qaz tədarükünə başlanılacaq. Bundan başqa, Avropanın bir sıra ölkələri Azərbaycan qazını almaqda maraqlı olduqlarını bildiriblər.

IGB qazın Yuna­nıstan ərazisi ilə Trans–Adriatik Boru Kəməri (TAP) vasitəsilə Bolqarıstana və qonşu ölkələrə nəqli üçün əsas marşrutdur. IGB ilk olaraq Xəzər dənizindəki “Şahdəniz” qaz-kondensat yatağından Azərbaycan qazını Bolqarıstana tədarük edir. Sonrakı mərhələlərdə Azərbaycan qazı Şərqi Avropanın digər ölkələrinə də çatdırıla biləcək. Qaz kəmərinin ötürmə qabiliyyəti 3 milyard kubmetrdir, bu il modernləşdirmə nəticəsində onun 5 milyard kubmetrə çatdırılması planlaşdırılır.

https://report.az/energetika/ewrc-azerbaycanla-uzunmuddetli-muqavile-bolqaristanda-qazin-qiymetini-11-ucuzlasdirib/