XƏBƏRLƏR

“Petkim” ötən il ixrac gəliri ilə liderliyi qoruyub saxlayıb

YANVAR 10, 2024

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki yatırımı olan “Petkim” neft-kimya kompleksi 2023-cü ildə Egey İxracatçı Birlikləri tərəfindən “İxracatın ulduzları” siyahısında həm ümumi reytinqdə, həm də kimya kateqoriyasında birinci yeri tutub, bu barədə “SOCAR Türkiyə” “X” sosial şəbəkəsindəki hesabında paylaşıb.

Bildirilib ki, 2022-ci ildə olduğu kimi, 2023-cü ildə də ixrac sahəsində öz mövqeyini qoruyan “Petkim” 557 milyon ABŞ dolları ixrac gəliri əldə edib. 2021-ci ildə şirkətin ixrac gəlirləri 810,9 milyon ABŞ dolları, 2022-ci ildə isə 913 milyon ABŞ dolları səviyyəsində olub.

“Petkim”in mükafatları “SOCAR Turkey"in Neft Emalı və Neft-Kimya İş Bölməsinin prezidenti vəzifəsini icra edən Kənan Mirzəyevə İzmir valisinin müavini Kamil Köten və İzmir Ticarət Palatasının sədr müavini Emre Kızılgüneşler təqdim edib.

Qeyd edək ki, əsası 1965-ci il aprelin 3-də qoyulmuş “Petkim Petrokimya Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə plastik kütlə, tekstil məmulatları, eləcə də digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları istehsal edilir. İndiyənədək Türkiyənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya obyekti olan “Petkim”in təkmilləşdirilməsi üzrə işlərə 1,6 milyard ABŞ dolları həcmində investisiya qoyulub.

“SOCAR Turkey” şirkəti “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin sahibidir. “Petkim”in səhmləri İstanbul Fond Birjasında qiymətləndirilir.

https://report.az/energetika/petkim-oten-il-557-milyon-abs-dollari-ixrac-geliri-ile-liderliyi-qoruyub-saxlayib/