XƏBƏRLƏR

Fatih Birol: “COP29-da “təmiz enerji”nin maliyyələşdirilməsi məsələsinin müzakirə olunacağına ümidvaram”

YANVAR 16, 2024

Bu il Azərbaycanda keçiriləcək növbəti BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) inkişaf etməkdə olan ölkələrdə “təmiz enerji”yə investisiyaların maliyyələşdirilməsi məsələsinin müzakirə olunacağına ümidvardır.

Bunu Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ötən ilin dekabrında Dubayda keçirilən COP28-də çox sayda yaxşı nəticə əldə olunub.

“Lakin bizim “təmiz enerji”yə investisiyaları necə maliyyələşdirəcəyimiz COP29 çərçivəsində Bakıda müzakirə olunacaq məsələdir”, - F.Birol əlavə edib.

BEA rəhbəri vurğulayıb ki, son 5 ildə “təmiz enerji” sektoruna investisiya qoyuluşu 1 trilyondan 1,8 trilyon ABŞ dollarına yüksəlib: “Bu, böyük artımın göstəricisidir. Problem ondadır ki, bu investisiyaların çoxu inkişaf etmiş iqtisadiyyatlara və Çində yatırılıb. Bəs qalanları? Bizə lazımdır ki, bütün ölkələr bu sahəyə maraq göstərsinlər. Ümid edirik ki, COP29 bu problemi həll etmək üçün çatışmayan parçanı təmin edə bilər”.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP) hazırda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC), Kioto Protokolunun və Paris Sazişinin müddəalarının həyata keçirilməsi üçün danışıqlar prosesinin ən yüksək orqanıdır. Dubayda 2023-cü il dekabrın 11-də keçirilən COP28 çərçivəsində Azərbaycan COP29-un sədri kimi rəsmən elan edilib. Bu ilin noyabrında ölkəmizdə keçiriləcək COP29 Azərbaycana öz iqlim gündəmini dünyada tanıtmaq imkanı verəcək.

https://report.az/energetika/fatih-birol-bakida-kecirilen-cop29-da-temiz-enerji-nin-maliyyelesdirilmesi-meselesi-muzakire-olunacagina-umidvaram/