XƏBƏRLƏR

Rəqabət Məcəlləsi KOB-ların yaranmasına və inkişafına xidmət edir

YANVAR 24, 2024

Azərbaycanda bu il yeni qəbul edilən Rəqabət Məcəlləsi kənardan sosial rifaha xidmət edirmiş kimi görünməsə də, onun yönəldiyi fəaliyyət istiqamətləri birbaşa əhaliyə xidmət edən sahələrdir, bu barədə iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O qeyd edib ki, ölkədə sahibkarlığın inkişafı dolayısı yolla əhalinin sosial rifahına xidmət edir.

Məcəllə KOB-ların inkişafına xidmət edir

“Sahibkarlığın inkişafı məşğulluğu təmin edir, əməkhaqqlarının yüksəlməsinə imkan verir, insanların məhsullara və ehtiyaclarının ödənilməsinə əlçatanlığı təmin edir. Regionlarda məşğulluğun təmin olunmasında əsas alət kimi kiçik və orta biznes subyektləri (KOB) çıxış edir. Rəqabət Məcəlləsi KOB-ların yaranmasına və inkişafına xidmət edir”, - E.Əmirov qeyd edib.

Ekspertin sözlərinə görə, Rəqabət Məcəlləsi hər bir ölkənin iqtisadi qanunvericilik bazasının vacib hüquqi sənədidir:

“Bu, həm də ölkədə sahibkarlıq subyektlərinin inkişafına və yenilərinin yaranmasına imkan yaradan bir məcəllədir. Rəqabətin olmadığı yerdə iqtisadi inkişafdan danışmağa dəyməz. Rəqabətin olması üçün isə mütləq bu rəqabəti dəstəkləyən hüquqi baza olmalıdır. Bu baxımdan Rəqabət Məcəlləsi ölkədə sahibkarlığın inkişafına, yeni sahibkarlıq subyektlərinin yaranmasına, rəqabətli bazar mühitinin formalaşmasına ciddi töhfə verir. Rəqabət mühiti olanda investorlar da bazara daha çox maraq göstərir. Rəqabətin olduğu yerdə biznes mühiti inkişaf edir, inhisarçılıq meylləri azalır”.

Hələ görülməli işlər var

E.Əmirov hesab edir ki, Rəqabət Məcəlləsinin təsdiq edilməsi ilə hələ bütün məsələlər bitmir: "Görülməli işlər kifayət qədərdir. Buna görə də Prezident Nazirlər Kabinetinə bir sıra ciddi tapşırıqlar verib. Belə ki, Nazirlər Kabineti altı ay müddətinə Məcəllənin tələblərinin pozulmasına görə məsuliyyətin növləri və bu kriteriyada olan digər məsələlərin əks olunduğu qanun layihəsini hazırlayıb Prezidentə təqdim etməlidir.

Eyni zamanda Nazirlər Kabineti bu Məcəllənin ədalətli və işlək hala gəlməsi üçün onun tələbləri tətbiq edilməyən və ya məhdud tətbiq edilə bilən halları, fəaliyyət sahələrini və məhsulları, sazişlərin rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olmasına və ya ola bilməsinə dair meyarları, müvafiq bazarda bazar paylarının hesablanması, müvafiq bazarın sərhədlərinin, həcminin, strukturunun və iştirakçılarının müəyyən edilməsi qaydasını, müvafiq bazarda sahələrin təmərküzləşmə səviyyəsinin müəyyən edilməsi və təmərküzləşmələrin qiymətləndirilməsi qaydasını, bazar subyektlərində və təbii inhisar subyektlərində yoxlamaların keçirilməsi qaydalarını, götürülmüş malların digər məqsədlər üçün istifadəsi, satılması, qaytarılması, məhv edilməsi və ya dəyərinin ödənilməsi qaydalarını, maliyyə sanksiyalarının hesablanması və tətbiqi meyarlarını və qaydalarını ölkə başçısı ilə razılaşdırmaqla təsdiq etməlidir”.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev "Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanunu təsdiqləyib.

Rəqabət Məcəlləsi 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək.

https://report.az/biznes-xeberleri/ekspert-reqabet-mecellesi-kob-larin-yaranmasina-ve-inkisafina-xidmet-edir/