XƏBƏRLƏR

Azərbaycan Almaniya ilə "yaşıl enerji" keçidi ilə bağlı siyasəti müzakirə edib

YANVAR 30, 2024

Azərbaycan və Almaniya arasında iqlim dəyişmələrinə qarşı mübarizədə enerji sektorunun rolu və qlobal öhdəliklərlə bağlı fikir mübadiləsi aparılıb.

Bu barədə energetika naziri Pərviz Şahbazov ilə Almaniyanın xarici işlər nazirinin müavini Cennifer Morqanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə bildirilib.

Görüşdə Azərbaycanın “yaşıl enerji keçidi” kursu və ölkəmizin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi çərçivəsində fəaliyyəti ilə bağlı məsələlər müzakirə edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2030-cu ilədək “yaşıl artıma” nail olmağı hədəfləyən siyasətinin, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin və ölkəmizin COP29 tədbirinə ev sahibliyinin “yaşıl enerji keçidi” prosesinə milli töhfələri daha da artıracağı qeyd edilib.

Ölkəmizdə elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerjinin payının əhəmiyyətli artımını təmin edəcək külək və günəş enerjisi stansiyalarının inşası, bu güclərin enerji sisteminə inteqrasiyası, həmçinin Xəzər dənizindən Avropaya “yaşıl enerji”nin ixracı məqsədilə 4 ölkənin iştirakı ilə “Yaşıl Enerji Dəhlizi”nin yaradılması, azad edilmiş ərazilərin “yaşıl enerji zonası”na çevrilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.

https://report.az/energetika/azerbaycan-almaniya-ile-yasil-enerji-kecidi-ile-bagli-siyaseti-muzakire-edib/