XƏBƏRLƏR

BOTAŞ Türkmənistan qazının Azərbaycandan tədarükünü müzakirə edir

FEVRAL 01, 2024

Türkiyənin dövlət neft-qaz şirkəti - BOTAŞ və Türkmənistanın dövlət qaz konserni “Türkmengaz”ın nümayəndələri Türkmənistan qazının Türkiyə vasitəsi ilə Avropaya ixracı üçün bir sıra planları müzakirə ediblər.

Görüş Ankarada BOTAŞ-ın baş qərargahında baş tutub. Qeyd edilib ki, Aşqabadla bu sahədə əməkdaşlıq Türkiyənin regional qaz ticarət mərkəzinə çevrilmək üzrə strateji planlarının tərkib hissələrindən biridir: “Türkmənistan qazının Azərbaycan vasitəsilə respublikaya çatdırılacağı, onun həcminin bir hissəsinin daha sonra Avropaya ixrac ediləcəyi güman edilir. İki ölkə arasında energetika sahəsində əməkdaşlığın inkişafına dair Memorandum 2022-ci ilin dekabrında imzalanıb”.

Qəzetdə vurğulanıb ki, BOTAŞ rəhbərliyi bu planların həyata keçirilməsi üçün Türkmənistan tərəfinə hər cür dəstəyi verməyə hazır olduğunu bildirib: “Tərəflər arasında müzakirə edilən planın birinci mərhələsi Türkmənistan qazının Türkiyəyə tədarükü nəzərdə tutur, daha sonra qısa müddətdə Avropa bazarlarına müntəzəm olaraq ixrac ediləcək”.

Bilidirilib ki, Türkmənistandan tədarük edilən təbii qazın təxmini dəyəri Türkiyə üçün daha sərfəlidir və bu, onun digər ixracatçı ölkələrlə danışıqlarda mövqeyini gücləndirəcək.

Nəşrdə qeyd edilib ki, təbii qazın ixracı ilə bağlı əsas haba çevrilmək planları çərçivəsində Türkiyə Rusiyadan başqa Azərbaycan və Türkmənistandan qaz tədarük etməyi, həmçinin digər ölkələrdən mayeləşdirilmiş təbii qaz (LNG) almağı və bu yanacağın Avropaya ixracını planlaşdırır.

https://report.az/energetika/botas-ve-turkmengaz-turkmenistan-qazinin-avropaya-ixraci-meselesini-muzakire-edibler/