XƏBƏRLƏR

"Cənub Qaz Dəhlizi”nin builki ehtiyaclarının maliyyələşdirmə mənbələri müəyyənləşib

FEVRAL 01, 2024

2024-cü ildə “Cənub Qaz Dəhlizi” (SGC) QSC ümumi nağd pula olan ehtiyaclarını “Şahdəniz”, “Cənubi Qafqaz Boru Kəməri”, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrindən əldə olunan vəsaitlər və yığılmış pul vəsaitləri hesabına təmin edəcəyi proqnozlaşdırır.

Məlumata görə, buna səbəb SGC-nin bütün layihələrinin artıq istismara verilməsidir. “2023-cü ilin sonuna SGC-nin maliyyələşməsi dövlət tərəfindən təmin edilən borc (6,4 milyard ABŞ dolları) və kapital (2,4 milyard ABŞ dolları) kombinasiyasından ibarət olub.

SGC 2020-2023-cü illərdə yeni borc götürməyib, ancaq ötən ilin sonuna onun ümumi borc ehtiyatının təxminən 72 %-i Dövlət Neft Fondunun buraxdığı istiqrazlar və avrobondlar, 28 %-i isə beynəlxalq maliyyə institutlarının kreditləri və onlar tərəfindən dəstəklənən kreditlər təşkil edib”, - “Fitch” bəyan edib.

Xatırladaq ki, SGC ölkə Prezidentinin “Şahdəniz" qaz-kondensat yatağının istismarının II mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli sərəncamı ilə,“Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı istismarı, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, TANAP və TAP layihələrində dövlətin iştirak paylarının birləşdirilməsi, idarə edilməsi və maliyyələşdirilməsi məqsədi ilə yaradılıb. Onun nizamnamə kapitalı 2 milyard 415,8 milyon ABŞ dolları təşkil edir. Şirkətin səhmlərinin 51 %-i İqtisadiyyat Nazirliyinə, 49 %-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.

https://report.az/energetika/cenub-qaz-dehlizi-nin-bu-ilki-ehtiyaclarinin-maliyyelesdirme-menbeleri-mueyyenlesib/