Xəzər hövzəsi ölkələrinin neft məhsullarının Avropa bazarına tədarükü üçün nəzərdə tutulan "Brodı-Plotsk” boru kəmərinin tikintisi yalnız Rusiya-Ukrayna müharibəsindən sonra başlaya bilər, bunu “Sarmatiya” Beynəlxalq Boru Kəməri Müəssisəsinin baş direktoru Sergey Skripka bildirib.
Onun sözlərinə görə, artıq bu, Ukraynanın bərpası Proqramına daxil edilib: “Təbii ki, bu layihənin reallaşdırılmasında yaranan fasilə məcburi olub. “Sarmatiya”nın səhmdarlarından və iştirakçı dövlətlərdən heç biri bu layihədən imtina etməyib və etmir. Bizim təsisçilər şirkətin fəaliyyətinin davam etdirilməsi üçün dəstək göstərirlər. Bu da müvafiq qərar qəbul edilsə, Rusiya-Ukrayna müharibəsindən sonra bu layihənin reallaşması mərhələsinə başlamağa imkan verəcək”.
O qeyd edib ki, artıq indidən bu proqramın hansı illəri əhatə edəcəyini söyləmək çox çətindir: “Ancaq ümid edirik ki, bu layihə müharibə bitdikdən sonra reallaşdırılacaq. Ancaq sevindirici haldır ki, bizim layihə Ukraynanın bərpası Proqramına daxil edilib. Məhz bundan sonra beynəlxalq donorlar, həmçinin Avropa İttifaqı tərəfindən maliyyə dəstəyi almaq mümkün olacaq”.
S. Skripka deyib ki, hazırda müəssisənin əsas işi boru kəmərinin tikintisi üçün ayrılmış ərazinin xüsusilə saxlamaqdır: “Polşada boru kəmərinin tikintisi intensiv aparılır. Bununla bağlı ildə bir neçə dəfə “Sarmatia” boru kəmərinin keçdiyi ərazilərin də daxil olduğu marşrutun dəyişdirilməsi ilə bağlı keçirilən tədbirlərdə iştirak edir və bu ərazinin qorunub saxlanması üçün çalışır. Bu da layihənin gələcəkdə reallaşdırılmasına imkanlar verəcək”.
Qeyd edək ki, 20 iyun 2023-cü ildə Avropa Komissiyası Ukraynanın bərpası, yenidən qurulması və modernləşdirilməsinə dəstək üçün yeni mexanizmin yaradılmasını təklif edib. Ukraynaya Dəstək Mexanizmi 2024-2027-ci illər üçün Ukraynaya əlaqələndirilmiş və proqnozlaşdırıla bilən dəstək verəcək ixtisaslaşmış maliyyə alətinə çevriləcək.
Xatırladaq ki, Odessa Brodı-Adamova Zastava (Plotsk) neft kəmərinin tikintisi layihəsi Polşanın Baş naziri Donald Tusk ilə Ukraynanın Baş naziri Denis Şmıqal arasında yanvarın 22-də Polşa hökuməti başçısının Kiyevə rəsmi səfəri çərçivəsində baş tutan görüşün müzakirə mövzularından biri olub.
Ukrayna hökuməti başçısının sözlərinə görə, Ukrayna və Polşa enerji sahəsində əməkdaşlıq üçün böyük potensiala malikdirlər. Ukraynanın Baş naziri iki ölkənin neft nəqli sistemlərini birləşdirəcək yeni boru kəmərinin tikintisi üzrə işə başlamağa hazır olduğunu açıqlayıb. O, həmçinin vurğulayıb ki, Brodı-Adamova Zastava kəməri Avro-Asiya Neft Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində yeni neft nəqli marşrutunun bir hissəsi ola bilər.
Qeyd edək ki, “Sarmatia” Beynəlxalq Boru Kəməri Müəssisəsinin əsas iştirakçıları Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) (25,32% ), Gürcüstanın Georgian Oil and Gas Corporation Ltd (GOGC) (16,09 %), Ukraynanın “Ukrtransnafta” (28,79 %), Polşanın “Przedsiebiorstwo Eksploatacji Rurociagow Naftowych Przyjazn S.A.” (28,79 %) və Litvanın “AB Klaipedos Nafta” (1 %) şirkətləridir.
Brodı-Plotsk neft boru kəməri bugünkü gün Avrasiya Neft nəqli dəhlizinin çatışmayan əsas və yeganə hissəsindən biridir. Bu layihənin reallaşdırılması nəticəsində Xəzər hövzəsi ölkələri öz neft məhsullarını Avropa bazarına çıxarmaq üçün əsas etibarlı marşrut əldə edəcəklər. Marşrutun uzunluğu 377 km təşkil edir ki, bu boru kəmərinin də 120 km məsafəsi Ukrayna, 257 km hissəsi isə Polşa ərazisində inşa ediləcək.
https://report.az/energetika/sergey-skripka-brodi-plotsk-boru-kemerinin-tikintisi-rusiya-ukrayna-muharibesinden-sonra-baslaya-biler-ekskluziv/