XƏBƏRLƏR

Azərbaycan yanvarda OPEC kvotasının 87 %-ni istifadə edib

FEVRAL 09, 2024

Yanvarda Azərbaycanın gündəlik neft hasilatı 480 min barel təşkil edib və bununla o, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) kvotasının 87,12 %-dən istifadə edib, bu göstərici “OPEC+” kvotasından gündəlik 71 min barel və ya 12,88 % geri qalır.

Azərbaycanın gündəlik neft hasilatı üzrə kvotası 551 min bareldir. Qeyd edilib ki, “OPEC+” ölkələrinin xam neft hasilatı yanvarda gündəlik 340 min barel azalıb. Bu da son 6 ayın ən kəskin düşüşü olub. Buna səbəb təşkilata daxil olan bəzi üzvlərin könüllü olaraq hasilatı azaltması və etirazçıların Liviyanın ən böyük neft yatağını iki həftədən çox müddətə bağlaması idi.

Hasilatla bağlı ən böyük aylıq azalma OPEC-in 12 ölkəsinin payına düşür. Eyni zamanda, əsas qrupun hasilatı sutkada 310 min barel azalıb.

OPEC üzvləri bu ilin yanvarında gündəlik 26,49 milyon barel neft hasil edib. Bu göstərici ötən ilin dekabrında gündəlik 26,80 milyon barel idi. Bu azalma Anqolanın kvotalara dair narazılığına görə təşkilatdan çıxması ilə bağlıdır.

Bu arada, Rusiya başda olmaqla təşkilata üzv 10 ölkədə neft hasilatı aylıq göstəricidə 30 min barel azalaraq 14,72 milyon barel təşkil edib. Bu, Oman və Rusiyada hasilatın bir qədər azalması ilə əlaqədardır.

“OPEC+”un ötən ilin noyabrında keçirilən son iclasında hasilatı əhəmiyyətli dərəcədə azaltmağa razılaşan Küveyt və İraqda neft hasilatı müvafiq olaraq gündəlik 100 min barel və gündəlik 80 min barel azalıb. Ancaq araşdırmaya görə, hər ikisi öz kvotalarından daha çox “qara qızıl” hasil edir. Məsələn, İraqda bu göstərici gündəlik 270 min bareldən çoxdur.

OPEC-in aparıcı ölkəsi olan Səudiyyə Ərəbistanı neft hasilatı səviyyəsini saxlayıb. Krallıq bazarı sərtləşdirmək səylərində hasilatçılar blokuna rəhbərlik etdiyi üçün ötən ilin iyulundan bəri gündəlik hasilatı 1 milyon barel könüllü olaraq azaldır.

Xatırladaq ki, “OPEC+” koalisiyası 2022-ci ildən bəri hasilatı silsilə şəkildə azaldıb. Hasilatın azaldılmasına dair son qərar 2024-cü il yanvarın 1-də qüvvəyə minib. Bununla Səudiyyə Ərəbistanı hasilatı gündəlik 1 milyon barel, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman isə ümumilikdə gündəlik 696 min barel azaldacaqlarını bəyan ediblər. Rusiya isə neft ixracını gündəlik 500 min barel azaldacağını bildirib.

Qeyd edək ki, “OPEC+” ölkələrinin hasilatı qlobal tədarükün təxminən 40 %-ni təşkil edir.

https://report.az/energetika/s-p-azerbaycan-yanvarda-opec-kvotasinin-87-ni-istifade-edib/