XƏBƏRLƏR

"Eurogas"ın prezidenti: "TAP Avropanın qaz təminatında çox ümidverici amildir"

FEVRAL 15, 2024

Türkiyə Avropa ölkələrinə qaz idxalı mənbələrini diversifikasiya imkan verən logistika zəncirinin mühüm tərkib hissəsidir və bu istiqamətdə Trans-Adriatik Boru Kəməri (TAP) çox ümidverici amildir, bunu Türkiyənin "Anadolu" Agentliyinə müsahibəsində “Eurogas” Beynəlxalq Assosiasiyasının prezidenti Didier Holleaux deyib.

O bildirib ki, TAP Avropanı daha çox qazla təmin etməyə imkan verəcək: "Avropa İttifaqının Rusiyadan qaz idxalını 2027-ci ilə qədər azaltmaq məqsədinin bir hissəsi olaraq üzv ölkələr Rusiya qazının idxalını əhəmiyyətli dərəcədə azaldaraq 50 milyard kubmetrdən aşağı səviyyəyə endirib. Bu həcm Rusiya-Ukrayna müharibəsindən əvvəl 155 milyard kubmetr təşkil edirdi. Avropa ölkələri bu azalmanı ABŞ və digər ölkələrdən qaz idxal etməklə əvəzləyib. Buna baxmayaraq, Avropanın qaz tədarükünü təmin etmək üçün Rusiya qazından uzaqlaşma kontekstində Türkiyə ilə əməkdaşlığın artırılmasına ehtiyac var", - deyə Assosiasiya prezidenti bildirib.

Qeyd edək ki, Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir və 2027-ci ilin sonunadək 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub.

TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Bolqarıstana “mavi yanacağın” nəqli TAP-a birləşdirilən Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) ilə həyata keçirilir. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyəti hazırda 3 milyard kubmetrdən 5 milyard kubmetrə artırılır.

Trans-Anadolu Boru Kəməri (TANAP) vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

https://report.az/energetika/eurogas-in-prezidenti-tap-avropanin-qaz-teminatinda-cox-umidverici-amildir/