XƏBƏRLƏR

Avropa Külək Enerjisi Assosiasiyası (WindEurope) ilə “yaşıl” enerji sahəsində yeni perspektivlər

MART 02, 2024

“Azərbaycan və Avropa Külək Enerjisi Assosiasiyası (WindEurope) arasında əməkdaşlıq “yaşıl” enerji sahəsində Avropa üçün yeni perspektivlər açır”, bunu  “WindEurope”un baş direktoru Ceyls Dikson deyib.

O bildirib ki, bu gün “WindEurope” ilə Azərbaycanın Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi arasında imzalanmış saziş külək enerjisi sahəsində sıx əməkdaşlığı nəzərdə tutur.

“Bu memorandum üç giqavatlıq quruda enerji və ən azı yeddi giqavatlıq dəniz enerjisi istehsal etmək kimi iddialı külək enerjisi məqsədlərimizə çatmağa kömək edəcək”, - assosiasiya rəhbəri söyləyib.

C.Diksonun sözlərinə görə, “WindEurope” Azərbaycanla külək enerjisi stansiyaları üçün avadanlıq istehsalında da əməkdaşlıq edəcək: “Biz, həmçinin Cənubi Qafqaz və Qara dənizdən keçən “yaşıl” enerji dəhlizi layihəsi üzərində işləmək öhdəliyi götürmüşük. Plana əsasən, burada hasil edilən dəniz külək enerjisinin böyük hissəsi Xəzər dənizi-Qara dəniz-Avropa “yaşıl” enerji dəhlizi ilə Avropaya ixrac olunacaq. Bu planları həyata keçirmək üçün biz Avropa sənayesini də səfərbər etməliyik”.

“WindEurope”un direktoru onu da vurğulayıb ki, Azərbaycan külək enerjisi sahəsində mühüm potensialı sayəsində Avropanın etibarlı enerji tərəfdaşına çevrilə bilər.

“Avropa artan daxili tələbatı ödəməyə kifayət edəcək qədər külək və günəş elektrik stansiyalarını tikə bilməyəcək. Biz tələbatı qonşu ölkələrdən idxal hesabına ödəyəcəyik. Lakin biz bərpa olunan enerjini Azərbaycandan idxal etsək, bu, hər iki tərəfin xeyrinə olacaq”, - o vurğulayıb.

https://report.az/energetika/windeurope-rehberi-azerbaycanla-elde-olunan-razilasma-yasil-enerji-sahesinde-yeni-perspektivler-acir/