XƏBƏRLƏR

“Şəfəq” günəş elektrik stansiyası layihəsində maliyyə təşkilatlarının iştirakına baxıla bilər

MART 06, 2024

Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunda “Şəfəq” fotovoltaik (PV) günəş elektrik stansiyasının tikinti layihəsi tamamilə BP şirkəti tərəfindən maliyyələşdiriləcək, bunu "BP-Azərbaycan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı jurnalistlərə açıqlamasında bildirib.

T. Bayatlı qeyd edib ki, bununla belə, digər maliyyə təşkilatlarının iştirakı məsələsi də istisna edilmir və "onlar tərəfindən belə bir niyyət olarsa, bu məsələyə baxılacaq”.

"Bu layihə ["Şəfəq” layihəsi-red.] şirkətin sıfır neytrallığa nail olmaq məqsədlərinə və bərpa olunan enerji sektorunun inkişafında Azərbaycanın maraqlarına cavab verir", - T.Bayatlı əlavə edib.

O xatırladıb ki, BP şirkəti tərəfdaşları ilə birlikdə Azərbaycanda və regionda neft və qaz sahəsində layihələrə 84 milyard ABŞ dollardan çox sərmayə yatırıb.

Onun sözlərinə görə, hazırda BP Azərbaycanda "yaşıl enerji" sahəsində layihələrini həyata keçirməyi planlaşdırır.

Qeyd edək ki, “Şəfəq” layihəsi BP tərəfindən icra edilir. Stansiyanın tikintisinə hazırlıq "Lightsource BP" şırkəti tərəfindən aparılıb. Günəş elektrik stansiyası təxminən 802 hektarlıq ərazini əhatə edəcək və 240 meqavat dəyişən cərəyan (MVtAC) gücünə malik olacaq. Layihəyə 240 MVtAC gücündəki PV günəş elektrik stansiyasının layihələndirməsi, təchizatı, mühəndislik, tikinti, quraşdırma, sınaq, istismara buraxma işləri və istismar mərhələsi daxildir.

https://report.az/energetika/bp-sefeq-gunes-elektrik-stansiyasi-layihesinde-maliyye-teskilatlarinin-istirakina-baxila-biler/