Energetika Nazirliyinin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) energetika sahəsi üzrə ixtisaslarda mütəxəssis hazırlığı aparan ali təhsil ocaqları ilə əməkdaşlıqda maraqlıdır. Bu “Energy Talks” (Enerji söhbətləri) layihəsi çərçivəsində Sumqayıt Dövlət Universitetində (SDU) təşkil edilən seminarda bildirilib.
SDU-nun rektoru Rüfət Əzizov bu kimi tədbirlərin qurumlararası əlaqələrin inkişafında xüsusi rolunu qeyd edib. O, seminarın SDU-da təşkilinə görə AERA rəhbərliyinə təşəkkürünü bildirib, energetika sahəsində mütəxəssis hazırlığının həyata keçirilməsində Energetika Nazirliyi, o cümlədən AERA ilə əməkdaşlığın əhəmiyyətini də vurğulayıb.
Tədbirdə AERA-nın nümayəndələri, SDU-nun professor-müəllim heyəti, tədqiqatçılar, magistrant və tələbələr iştirak ediblər. Tədbirdə Agentliyin fəaliyyəti haqqında qısa videoçarx da nümayiş etdirilib.
Yekunda maraq doğuran suallar ətrafında geniş sual-cavab sessiyası baş tutub.
Tədbirdən sonra AERA-nın nümayəndələri SDU-nun açıq səma altında təşkil edilmiş Elektroenergetika tədris muzeyi və tədris poliqonu ilə tanış olublar.
https://report.az/energetika/aera-enerji-mutexessisi-hazirlayan-ali-tehsil-ocaqlari-ile-emekdasliqda-maraqlidir/