Azərbaycan və Xorvatiya iqtisadi əlaqələrin genişləndirilməsini müzakirə edib.
Bu müzakirələr Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Xorvatiyanın iqtisadiyyat və davamlı inkişaf naziri Damir Habijan arasında keçirilən görüşdə aparılıb.
M. Cabbarovun Damir Habijan ilə görüşündə iki ölkə arasında iqtisadi münasibətlərin inkişaf etdiyini vurğulanıb. Qeyd edilib ki, əməkdaşlığın müxtəlif istiqamətlər üzrə genişləndirilməsi üçün məqsədyönlü təşəbbüslər həyata keçirilir.
Qarşılıqlı işgüzar səfərlər, biznes dairələri arasında əlaqələrin genişlənməsi iqtisadi-ticarət əlaqələrinin güclənməsinə töhfə verir. Ölkələrimiz arasında ticarət əlaqələri inkişaf edir. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə, 2024-cü ilin yanvar ayında ticarət dövriyyəsi 4 dəfəyə yaxın artıb. Xorvatiya ilə ticarət, investisiya, sənaye, bərpa olunan enerji, minatəmizləmə, turizm və digər istiqamətlər üzrə tərəfdaşlığın möhkəmləndirilməsi üçün geniş imkanlar var.
Görüşdə Azərbaycanın əlverişli işgüzar mühiti, investorlar üçün yaradılmış imkanlar, işğaldan azad olunmuş ərazilərimizin biznes potensialı haqqında məlumat verilib, xorvatiyalı sərmayədarlar ölkəmizdəki biznes fürsətlərindən yararlanmağa dəvət edilib.
Xorvatiyanın iqtisadiyyat və davamlı inkişaf naziri Damir Habijan ölkəsinin Azərbaycanla iqtisadi əlaqələrin inkişafına önəm verdiyini, tərəfdaşlığın gücləndirilməsi istiqamətləri barədə fikirlərini qeyd edib. Vurğulanıb ki, enerjinin Avropa bazarlarına çatdırılması üçün həyata keçirilən layihələr Azərbaycanın etibarlı enerji təchizatçısı kimi rolunu artırır.
Tərəflər iqtisadi əlaqələrin genişləndirilməsi, birgə investisiyaların və ticarətin təşviqi, alternativ enerji və sənaye üzrə əməkdaşlıq, həmçinin işgüzar dairələr arasında işbirliyinin gücləndirilməsi məsələlərini nəzərdən keçiriblər.
https://report.az/energetika/azerbaycan-ve-xorvatiya-alternativ-enerji-sahesinde-emekdasligi-muzakire-edib/