Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BP şirkəti “yaşıl enerji”yə keçid, karbonsuzlaşma, kəşfiyyat və hasilat layihələri istiqamətində gücləndirilməsi imkanlarını nəzərdən keçiriblər. İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf BP şirkətinin baş icraçı direktoru Mürrey Aukinklosla görüşüblər.
İqtisadiyyat naziri BP şirkəti ilə uzunmüddətli və səmərəli əməkdaşlığın qarşılıqlı inam və etimada əsaslandığını vurğulayıb. BP-nin Azərbaycanın müəllifi olduğu beynəlxalq enerji layihələrinin icrasında, ölkəmizin enerji ehtiyatlarının inkişafında və investisiya layihələrinin həyata keçirilməsində xüsusi rolu qeyd edilib.
Görüşdə tərəfdaşlığın inkişaf etdirilməsi imkanları, Azərbaycanda “yaşıl” enerji növlərinə keçidlə bağlı reallaşdırılan layihələr barədə məlumat verilib, işğaldan azad olunmuş Cəbrayıl rayonunda bu il BP tərəfindən inşa ediləcək 240 meqavatlıq günəş elektrik stansiyasının mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.
M. Aukinklos BP-nin enerji sahəsində həyata keçirilən layihələrdə, o cümlədən bərpaolunan enerji layihələrində iştirakda maraqlı olduğunu qeyd edib. BP şirkətinin ölkəmizlə davamlı tərəfdaşlığın genişləndirilməsinə sadiq qaldığı vurğulanıb, SOCAR-la uzunmüddətli işbirliyinin daha da möhkəmlənəcəyinə əminlik ifadə edilib. Bildirilib ki, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin “yaşıl” iqtisadiyyatın inkişafına verdiyi önəmin göstəricisidir.
https://report.az/energetika/socar-ve-bp-yasil-enerji-ye-kecid-imkanlarini-nezerden-keciribler/