Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin neft-kimya sektorunda yeni investisiya layihələri həyata keçirməyi planlaşdırır, bunu SOCAR-ın Türkiyədəki törəməsi olan “SOCAR Turkiyə Enerji” şirkətinin baş direktoru Elçin İbadov bildirib.
Onun sözlərinə görə, Türkiyə enerjisi üçün vacib komponentlərdən biri olan neft-kimya sahəsində yeni layihələr hazırlanacaq: “Bilik və təcrübəmizdən istifadə edərək, investisiya alternativlərini qiymətləndirdiyimiz "Master Plan" üzərində işləyirik. Çalışırıq ki, alternativin müəyyən edilməsi və onun həyata keçirilməsi üçün yaxın aylarda işə başlayaq. Bu da ölkələrimiz üçün ən dəqiq və effektiv töhfə verəcək”.
E. İbadov qeyd edib ki, SOCAR 15 il ərzində tərəfdaşları ilə birlikdə Türkiyədəki layihələrə ümumilikdə 18,3 milyard ABŞ dolları investisiya yatırıb: “Törəmə müəssisələri və müştərək müəssisələri ilə 15-dən çox ölkədə fəaliyyət göstərən SOCAR bu günə qədər ən böyük sərmayəsini Türkiyəyə edib. Hazırda biz Türkiyənin ən böyük birbaşa xarici sərmayədarıyıq. 15 ildə çatdığımız nöqtə iqtisadiyyata verdiyimiz əlavə dəyərlə bizi qürurlandırır”.
https://report.az/energetika/socar-turkiyenin-neft-kimya-sektorunda-yeni-investisiya-layiheleri-heyata-kecirecek/