Bu ilin yanvar ayında Azərbaycandan Türkiyəyə 877,74 milyon kubmetr təbii qaz ixrac ediliba, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub. Məlumata görə, bu, 2023-cü ilin yanvar ayı ilə müqayisədə 0,47 % azdır.
Bununla da yanvarda Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən üçüncü ölkə olub. Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 13,46 %-i Azərbaycanın payına düşüb.
Ümumilikdə isə yanvarda Türkiyə ümumilikdə 6 milyard 519,70 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2023-cü ilin eyni ayının göstəricisi ilə müqayisədə 7,8 % çoxdur.
Bu ilin ilk ayında Rusiya Türkiyəyə qaz ixracına görə birinci olub. Yanvarda Rusiyadan Türkiyəyə 2 milyard 681,63 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2023-cü ilin eyni ayının göstəricisi ilə müqayisədə 29,73 % çoxdur.
Yanvarda üçüncü yerdə ABŞ qərarlaşıb. Bu ölkə yanvarda Türkiyəyə 1 milyard 044,60 milyon kubmetr qaz nəql edib. Bu, 2023-cü ilin ilk ayı ilə müqayisədə 42,41 % çoxdur.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.
https://report.az/energetika/yanvarda-azerbaycan-turkiyeye-qaz-neqlini-cuzi-azaldib/