XƏBƏRLƏR

Bu il dörd yeni bərpa olunan enerji stansiyasının təməli qoyulacaq

MART 29, 2024

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində dörd yeni bərpa olunan enerji stansiyasının təməlinin qoyulması planlaşdırılır, bunu nazirlikdə “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış Komissiyanın növbəti iclası zamanı komissiyanın sədri energetika naziri Pərviz Şahbazov bildirib.

Nazir Sərəncamın icrası ilə bağlı gündəlikdə duran məsələlərə diqqət çəkib, sonuncu iclasdan ötən dövr ərzində layihələrin gedişi haqqında danışıb.

Sonra iclasın gündəliyinə uyğun olaraq Komissiyanın son iclasından ötən dövr ərzində görülmüş işlərə dair Katibliyin hesabatı dinlənilib. Dənizdə külək enerjisi layihələri üçün ayrılması nəzərdə tutulan su obyektlərinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi prosesi barədə məlumatlar təqdim edilib.

İclasda, həmçinin “Masdar” şirkəti ilə həyata keçirilən layihələrlə bağlı görülən işlər, hidrogen istehsalı, eləcə də “Xəzər-Aİ yaşıl enerji dəhlizi” layihəsi ilə bağlı yerinə yetirilən tədbirlər və digər cari məsələlərə dair müzakirələr aparılıb.

İclasda Energetika, Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat, Fövqəladə Hallar, Maliyyə, Ədliyyə, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat, Müdafiə nazirliklərinin, SOCAR, “Azərenerji” ASC, “Azərişıq” ASC, Mərkəzi Bank, Dövlət Dəniz və Liman Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Geodeziya və Kartoqrafiya Agentliyi, Minatəmizləmə Agentliyi, "Azərbaycan Elmi Tədqiqat və Layihə Axtarış Energetika İnstitutu" MMC-nin nümayəndələri iştirak edib.

https://report.az/energetika/perviz-sahbazov-bu-il-4-yeni-berpa-olunan-enerji-stansiyasinin-temeli-qoyulacaq/