Azərbaycan BMT-nin İnkişaf Proqramı ilə enerji səmərəliliyinə investisiyaların artırılması istiqamətində layihələrin perspektivlərini müzakirə edib, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir bildirib ki, müzakirələr BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo ilə keçirilən görüşdə aparılıb: “Görüşdə ölkəmizlə əməkdaşlığın gündəliyindəki məsələləri müzakirə etdik. Dayanıqlı inkişaf üçün maliyyələşmə mexanizmlərinin tətbiqi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı potensial tərəfdaşlıq istiqamətləri ətrafında müzakirələr aparılıb".
Nazirliyin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, görüşdə nazir ölkəmizin BMT və onun təşkilatları ilə əməkdaşlığa önəm verdiyini vurğulayıb. Azərbaycan iqtisadiyyatının inkişaf tendensiyası və əldə edilən nəticələr, Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə bağlı görülən işlər, işğaldan azad olunmuş ərazilərimizin reinteqrasiyası istiqamətində həyata keçirilən tədbirlərlə bağlı məlumat verib.
A.Rokkasalvo təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlıq çərçivəsindən məmnunluğunu ifadə edib, müxtəlif sektorlar üzrə inkişaf tədbirlərini nəzərdə tutan layihələrin, həmçinin, DİM-lərə investisiyaların cəlb olunmasının əhəmiyyətini qeyd edib, COP29-la bağlı dəstəyə hazır olduqlarını bildirib.
Görüşdə əməkdaşlığın gündəliyində olan məsələlər, o cümlədən, dayanıqlı inkişaf üçün maliyyələşmə mexanizmlərinin tətbiqi, işğaldan azad olunmuş ərazilərə qayıdış, enerji səmərəliliyinə investisiyaların artırılması istiqamətində layihələrin perspektivləri, COP29-la bağlı potensial tərəfdaşlıq müzakirə olunub.
https://report.az/energetika/azerbaycan-bmt-ile-enerji-semereliliyine-investisiyalarin-artirilmasini-muzakire-edib/