XƏBƏRLƏR

Azərbaycanda “yaşıl enerji”yə keçid istiqamətində mühüm işlər görülür

APREL 04, 2024

Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Baxmayaraq ki, Azərbaycanın zəngin enerji resursları mövcuddur, “yaşıl enerji”yə keçid Azərbaycan dövlətinin enerji siyasətinin əsas istiqamətlərindən birini təşkil edir, bunu Milli Məclisin deputatı Afət Həsənova deyib.

A.Həsənova qeyd edib ki, Azərbaycanda bərpaolunan enerji sahəsinin inkişaf etdirilməsi məqsədilə beynəlxalq təşkilatlar, dünyanın bu sahədə ixtisaslaşan iri şirkətləri ilə müqavilələr imzalanıb, bərpa olunan enerji stansiyaları, o cümlədən Qarabağda 10-dan çox su elektrik stansiyasının yaradılması nəzərdə tutulur.

“Bu və digər tədbirlər ölkənin enerji balansında “yaşıl enerji” mənbələrindən əldə edilən enerjinin payının getdikcə artırılmasına imkan verəcək. Azərbaycanın bərpa olunan enerji sahəsində geniş potensiala malik olması bu istiqamətdə geniş tədbirlərin həyata keçirilməsinə imkan verir.

Belə ki, ölkəmizin bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir”, - deyə deputat bildirib.

O qeyd edib ki, eyni zamanda Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpa olunan enerji sahəsində böyük potensialı mövcuddur.

“Həmin ərazilərdə bərpa olunan enerji infrastrukturunun qurulması istiqamətində böyük işlər görülür. Belə ki, elektrik enerjisinin istehsal güclərinin bərpası çərçivəsində Laçında, Kəlbəcərdə və Suqovuşanda bərpa edilən 20.2 MVt gücündə 4 su elektrik stansiyası artıq istismara verilib.

Eyni zamanda Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində ümumi gücü Azərbaycan tərəfi üçün 140 MVt (100 MVt "Xudafərin", 40 MVt "Qız Qalası") olmaqla, iki su elektrik stansiyasının tikintisi hazırda davam etdirilir.

Həmçinin, Laçın/Kəlbəcər ərazisində təxmini olaraq 100 MVt gücündə tikintisi planlaşdırılan külək elektrik stansiyası layihəsinin reallaşdırılması işğaldan azad edilmiş ərazilərdə “Yaşıl Enerji Zonası”nın yaradılmasına əlavə töhfə verəcək”, - deyə deputat bildirib.

Deputat əlavə edib ki, “yaşıl enerji”yə keçid qlobal ekoloji problemlərin həllində mühüm rol oynayır.

“Beləliklə Azərbaycan bərpa olunan enerji potensialından düzgün istifadə etməklə və bu istiqamətdə geniş praktiki tədbirlər həyata keçirməklə ekoloji problemlərin həllinə də mühüm töhfə vermiş olur”, - deyə o, vurğulayıb.

https://az.trend.az/business/green-economy/3881324.html