XƏBƏRLƏR

Orta Dəhlizin inkişafı İspaniyanın enerji ehtiyatları ilə ticarətinin artmasına kömək edə bilər

APREL 06, 2024

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM və ya Orta Dəhliz) inkişafı İspaniyanın enerji ehtiyatları ilə ticarətinin artmasına kömək edə bilər. Bu barədə İspaniyanın Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyindən bildiriblər.

"TBNM Avrasiya ticarətinin açarıdır və bu səbəbdən onun inkişafını dəstəkləmək olduqca vacibdir. Əlbəttə, İspaniya və Aİ bütünlükdə onun inkişafında maraqlıdır, belə ki, bu marşrut bizim onsuz da müsbət olan beynəlxalq ticarət göstəricimizə əlavə olaraq, bütün növ məhsulları daşımağa imkan verir. İspaniya üçün bu xüsusən enerji ehtiyatları və digər metallurgiya məhsulları, eləcə də aqrar qida sektoru baxımından ticarətimizin artması deməkdir", - deyə XİN-dən bildiriblər.

Mənbənin qeyd etdiyi kimi, İspaniyanın nəqliyyat şirkətləri öz sektorunda liderdir. "Bu səbəbdən bizim fikrimizcə, imkanlar çox böyükdür. Qazaxıstanın Mangistau vilayəti çox dinamikdir və bölgənin rəhbəri Qazaxıstan hökuməti ilə birlikdə Transxəzər marşrutunun inkişafı üçün böyük səylər sərf edir", - deyə nazirlikdən bildiriblər.

Qeyd edək ki, Orta Dəhliz Çin və Aİ ölkələrininin konteynerlərlə dəmir yolu yük daşımaları şəbəkələrini Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə birləşdirir.

Çoxtərəfli, multimodal nəqliyyat infrastrukturu Xəzər dənizi və Qara dənizin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə birləşdirir.

Orta Dəhliz Çindən Türkiyəyə, eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük axınının artmasına səbəb olur.

Bu dəhlizlə hərəkət edən qatarlar yükləri Çindən Avropaya orta hesabla 20-25 gün ərzində çatdırır və bu qeyd olunan nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.

https://az.trend.az/business/3882452.html