Son zamanlar Azərbaycan və Səudiyyə Ərəbistanı arasında əməkdaşlıq yeni mərhələyə keçib və bu qarşılıqlı fəaliyyətin lokomotivi "yaşıl" enerji sahəsidir.
Dünyada dördüncü sənaye inqilabı dövründə ənənəvi enerji resursları ilə zəngin iki ölkə "təmiz" enerjiyə keçid istiqamətində birgə fəaliyyət göstərir ki, bu da qlobal hədəflərə nail olmaq üçün səmərəli əməkdaşlığın səciyyəvi nümunəsidir.
Dünya bazarlarının etibarlı neft-qaz tədarükçüsü olan Azərbaycan və müsəlman-ərəb dünyasının lideri, OPEC üzvü, eləcə də, G20 ("Böyük İyirmilik") üzvü olan Səudiyyə Ərəbistanı "təmiz" enerji sahəsində irimiqyaslı layihələr həyata keçirir və əldə olunanla kifayətlənməyərək, bu sahədə əməkdaşlığı daha da genişləndirməyi planlaşdırırlar.
Beləliklə, 2022-ci il yanvarın 13-də Azərbaycan Respublikası Energetika Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti arasında Xəzər dənizində külək enerjisi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb.
Qeyd etmək lazımdır ki, "ACWA Power" dünyada külək enerjisi sahəsində 8 min meqavatt istehsal imkanına və elektrik enerjisi sahəsində 30 min 200 meqavatt ümumi quraşdırılmış gücə, eləcə də, 45 milyard dollar dəyərində investisiya portfelinə malik tanınmış şirkətdir.
240 meqavatt gücündə Xızı-Abşeron külək elektrik stansiyasının (KES) tikintisi "ACWA Power" şirkəti tərəfindən həyata keçiriləcək. Layihənin həyata keçirilməsinə 300 milyon ABŞ dolları ayrılacaq və bu, Səudiyyə Ərəbistanı şirkətinin öz ölkəsindən kənarda yatırdığı ən böyük investisiyadır.
Stansiyanın istehsal etdiyi elektrik enerjisi sayəsindən 220 milyon kubmetr təbii qaza qənaət olunacaq və eyni zamanda, 400 min ton həcmində karbon qazı tullantılarının qarşısı alınacaq.
KES-in təməlqoyma mərasimi 2022-ci il yanvarın 13-də keçirilib. Layihə çərçivəsində hər biri 6 meqavatt gücündə olan 40 turbin quraşdırılacaq. Bunlardan 17 külək turbini Abşeron rayonunun Pirəkəşkül kəndində, 23-ü isə Xızı rayonunun Sitalçay kəndində quraşdırılacaq. Layihə "build - own - operate" (tik - sahib ol - idarə et) prinsipi üzrə həyata keçirilir.
"ACWA Power" və Azərbaycan hökuməti layihəni sürətləndirmək barədə razılığa gəliblər. Müqavilə sahəsində elektrik ötürmə xətləri artıq çəkilib, 2024-cü ilin aprel ayında ilk turbinlər gətiriləcək. İşlərə əvvəlcədən planlaşdırıldığından daha çox kadr cəlb olunacaq, layihə üzrə bir sıra texniki məqamların həyata keçirilməsi sürətlənəcək. Bu cür sürətləndirmə KES-in 2025-ci ildə istismara verilməsinə imkan yarada bilər.
Layihənin icrası beynəlxalq maliyyə institutları tərəfindən aktiv şəkildə dəstəklənir. Belə ki, hələ 2023-cü ilin oktyabr ayında məlum olub ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) "ACWA Power" şirkətinə məxsus layihə şirkəti olan "ACWA Power Azerbaijan Renewable Energy" üçün 197,1 milyon ABŞ dolları (186,9 milyon avro) dəyərində sindikatlaşdırılmış kredit təşkil edib. Layihə OPEC Beynəlxalq İnkişaf Fondu (OPEC Fund) tərəfindən birgə maliyyələşdiriləcək. 2023-cü ilin dekabr ayında OPEC Fondu "ACWA Power Wind" şirkəti üçün Xızı-Abşeron külək elektrik stansiyasının tikintisinə dəstək üçün 50 milyon dollar dəyərində krediti təsdiqləyib.
Qeyd etmək lazmdır ki, "ACWA Power" Xızı-Abşeron KES ilə yanaşı, Azərbaycan Respublikası Energetika Nazirliyi ilə ölkədə 1 qiqavatt gücündə yerüstü külək elektrik stansiyasının və 1,5 qiqavatt gücündə dənizdə külək elektrik stansiyasının tikintisi, eləcə də, hidrogen layihələrinin reallaşdırılması imkanlarının öyrənilməsi üzrə memorandum imzalayıb.
"ACWA Power" həmçinin Azərbaycan hökumətinin Qarabağda və Şərqi Zəngəzurda "yaşıl" enerji zonası yaratmaq barədə təklifinə müsbət cavab verən iki şirkətdən biridir.
Belə ki, qeyd olunan şirkət bildirib ki, növbəti mərhələdə bu ərazilərdə külək və günəş elektrik stansiyalarının tikintisini məqsədəuyğun hesab edir.
Bu layihələr Azərbaycanın "yaşıl artım" ölkəsi və "yaşıl" enerji tədarükçüsü kimi inkişafı üzrə dövlət siyasətinə növbəti töhfədir. Azərbayanın "ACWA Power" ilə birgə fəaliyyəti təkcə Xəzər dənizindən Avropaya qədər planlaşdırılan "yaşıl" enerji dəhlizi üçün yeni imkanların təmin olunması məqsədilə deyil, həm də karbon tullantılarının azaldılması və enerji keçidinin sürətləndirilməsi üçün vacibdir.
Əlbəttə, iki ölkə arasında əməkdaşlıq enerji ilə məhdudlaşmır. Belə ki, Azərbaycan və Səudiyyə Ərəbistanı arasında əmtəə dövriyyəsi 2023-cü ilin yekunlarına görə 2022-ci ildəki 22.9 milyon ABŞ dolları ilə müqayisədə 30,8 milyon ABŞ dolları təşkil edib ki, bu da 36,3 faiz artımdan xəbər verir. Bu göstəricilər əslində ikitərəfli iqtisadi münasibətlərin inkişafı üçün mövcud olan nəhəng potensialı əks etdirmir.
Yuxarıda qeyd olunanlar əminliklə deməyə imkan verir ki, "yaşıl" enerji sahəsində əməkdaşlıq Azərbaycan və Səudiyyə Ərəbistanı arasında gələcək qarşılıqlı fəaliyyətin təkanverici qüvvəsi olmaqla digər sahələrdə də öz əksini tapacaq.
Səudiyyə Ərəbistanı yeni enerji keçidində Azərbaycanla əməkdaşlığa sadiqdir və rəsmi Bakı bunu yüksək qiymətləndirir.
https://az.trend.az/business/green-economy/3881287.html