XƏBƏRLƏR

“Abşeron” yatağından 2023-cü ilin iyulundan etibarən 1,2 milyard kubmetr qaz hasil edilib

APREL 08, 2024

JOCAP (Joint Operating Company of Absheron Petroleum B. V.) əməliyyat şirkəti 2024-cü ilin yanvar-mart aylarında Xəzər dənizindəki “Abşeron” qaz-kondensat yatağından 400 milyon kubmetr qaz hasil edib.

“Əməliyyat məlumatlarına əsasən, yanvar-mart aylarında “Abşeron” yatağından 400 milyon kubmetr təbii qaz və 140 min ton kondensat hasil edilib”, - qurumdan məlumat verilib.

Nazirliyin məlumatına görə, 2023-cü ilin iyul ayından JOCAP “Abşeron” yatağından 1,2 milyard kubmetr təbii qaz və 440 min ton kondensat hasil edib.

Qeyd edək ki, 10 iyul 2023-cü il tarixində “TotalEnergies” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Xəzər dənizində "Abşeron" yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində qaz və kondensat hasilatına başladığını elan ediblər.

Hazırda hasilat "Abşeron" yatağından hasilatın birinci mərhələsi çərçivəsində aparılır. Qaz Azərbaycanın daxili bazarı üçün nəzərdə tutulub.

Xatırladaq ki, ilkin mərhələdə yataqdan ildə təxminən 1,5 milyard kubmetr, gələcəkdə isə 5 milyard kubmetr təbii qaz hasil ediləcək.

Qeyd edək ki, “Abşeron” yatağı Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir. Bu, Xəzər dənizində “Şahdəniz” yatağından sonra ikinci ən böyük qaz yatağıdır.

“Abşeron” yatağı üzrə 2009-cu ildə Fransanın “Total” şirkəti ilə SOCAR arasında kontrakt imzalanıb. “Total” şirkəti 2011-ci ilin sentyabrında yataqda böyük qaz ehtiyatlarının kəşf edildiyini bildirib.

https://report.az/energetika/abseron-yatagindan-2023-cu-ilin-iyulundan-etibaren-1-2-milyard-kubmetr-qaz-hasil-edilib/