Qazaxıstanın “KazMunayQaz” (KMG) şirkəti Rusiyanın “LukOil” şirkətini “Kalamkas-dəniz/Xəzər” neft-qaz layihəsini həyata keçirmək üçün cəlb edib, bu barədə “KazMunayQaz”ın İdarə Heyətinin sədr müavini Kuanış Kudayberqenov teleqram kanalında məlumat verib.
Qeyd edilib ki, “Shell” və “Oman Oil” şirkətləri bu müqavilə sahələrinin işlənilməsindən imtina etməsi səbəbindən bu layihəyə “LukOil” cəlb olunub.
“Bir sıra səbəblərə, o cümlədən istismarla bağlı iqtisadi məqsədəuyğunluğunun olmaması səbəbindən bu yataqların işlənilməsi gecikdirilirdi. Nəticədə həmin şirkətlər bu yataqlara investisiya qoymaqdan imtina edərək, bu sahələri dövlətə qaytarıblar”, - o bildirib.
Onun sözlərinə görə, uzun danışıqlardan sonra “KazMunayQaz” Xəzərin Rusiya sektorunda bir sıra oxşar layihələri artıq həyata keçirmiş “LukOil”u strateji tərəfdaş kimi cəlb edib.
K.Kudayberqenov deyib ki, layihənin həyata keçirilməsi üçün təxminən 6,5 milyard ABŞ dolları məbləğində investisiyalar lazımdır və bu yataqlar texnoloji cəhətdən “mürəkkəb kateqoriyası”na aiddir.
Şirkətin rəsmisi vurğulayıb ki, bu layihədə “LukOil” ilə yanaşı “KazMunayQaz” da 50 % paya malikdir və bütün qərarlar birgə müəssisənin iştirakçıları arasında paritet əsasında qəbul edilir: “Beləliklə, KMQ-nin layihə üzərində nəzarəti itirməsi ilə bağlı iddialar doğru deyil”.
https://report.az/energetika/kazmunayqaz-lukoil-u-xezerdeki-yataqlarin-islenilmesine-celb-edib/