XƏBƏRLƏR

Azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı görülən işlər açıqlanıb

APREL 22, 2024

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bugünədək ümumi gücü 636 KVt olan Arximed qurğusu, 200-dən çox fərdi yaşayış evində günəş kollektoru, 250-dən çox evdə günəş paneli, ictimai və sosial binalarda ümumi gücü 1 000 kVt-dan çox olan günəş enerjisi sistemləri, 2 500-ə yaxın LED lampalarla təchiz olunub və günəş enerjisi əsaslı, enerji səmərəli işıq dirəkləri, habelə “ağıllı dayanacaq”lar, elektrik doldurma məntəqələri quraşdırılıb.

Bu ərazilər bərpa olunan enerji mənbələri ilə olduqca zəngindir və bu ərazilərin yerləşdiyi əlverişli coğrafi mövqe bu potensialdan kifayət qədər istifadə etməyə şərait yaradır: “İlkin qiymətləndirmələrə əsasən, işğaldan azad edilmiş ərazilərdə 7 200 MVt-dan çox günəş, 2 000 MVt-adək külək enerjisi üzrə potensial mövcuddur: “Günəş enerjisi potensialı ilə Füzuli, Cəbrayıl, Zəngilan rayonları, külək enerjisi ilə isə əsasən dağlıq rayonlar olan Laçın, Kəlbəcər rayonları zəngindir. Eyni zamanda yerli su ehtiyatlarımızın 25 %-ə qədərinin Qarabağ ərazisində formalaşdığını nəzərə alaraq qeyd edə bilərik ki, işğaldan azad olunmuş ərazilərdə kifayət qədər geniş hidroenerji potensialı da mövcuddur. Bölgənin enerji təminatının daha da səmərəli təşkili məqsədilə bu ərazilərdə yeni su elektrik stansiyalarının qurulması üçün araşdırmalar aparılır. Eyni zamanda bu ərazilərdə mövcud olmuş su elektrik stansiyalarının bərpası istiqamətində işlər davam etdirilir”.

İşğaldan azad edilmiş ərazilərdə BP şirkəti ilə imzalanmış İcra Müqaviləsinə əsasən Cəbrayıl rayonu ərazisində 240 MVt gücündə “Şəfəq” GES layihəsinin tikintisi üzrə işlər davam etdirilir: “Bununla yanaşı, “China Gezhouba Group Overseas Investment” və “Nobel Energy” şirkətləri ilə imzalanmış müqavilələr də işğaldan azad edilmiş ərazilərdə günəş elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. Hazırda “yaşıl enerji zonası”nın yaradılması çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, enerji səmərəliliyi tədbirləri, elektrik nəqliyyat vasitələrindən istifadə, tikililərin damlarında bərpa olunan enerji qurğularının (xüsusən günəş panellərinin) qurulması, həmçinin küçələrin və yolların işıqlandırılmasında günəş enerjisi əsaslı LED lampalardan istifadə, istilik, soyutma və isti su təchizatında bərpa olunan enerji texnologiyalarından istifadə, ağıllı enerji idarəetmə texnologiyalarıının tətbiqi, tullantıların enerji məqsədli idarə edilməsi kimi “yaşıl” texnologiyaların tətbiqinin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir”.

Qeyd edək ki, Nazirlər Kabineti tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı” təsdiq edilib. Sözügedən tədbirlər planına uyğun olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında "yaşıl" texnologiyaların və enerji səmərəliliyin tətbiqi ilə yanaşı bir çox ümumi enerji infrastrukturuna və sahənin inkişafına müsbət təsir edəcək tədbirlər nəzərdə tutulub. Eyni zamanda bu tədbirlər planındakı öhdəliklər, işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması məsələsi ilə bağlı qarşıya qoyulmuş vəzifələrin müzakirəsi məqsədilə Nazirlər Kabinetinin 2022-ci il 3 avqust tarixli 459s nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi qrup”u yaradılıb.

Bu İşçi Qrupun iclasında qəbul edilmiş qərara uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə aidiyyəti qurum üzvlərinin iştirakı ilə monitorinqlər həyata keçirilir. Monitorinqlərin nəticələri, eləcə də görülmüş və icrası nəzərdə tutulan işlər İşçi Qrupun iclaslarında mütəmadi müzakirə olunur.

Xatırladaq ki, Azərbaycan 2030-cu ilədək enerji balansında bərpaolunan enerjinin payını 30 %-ə yüksəltməyi hədəfləyir. Bu, ölkədə enerji təhlükəsizliyinin və dayanıqlı iqtisadi inkişafın gücləndirilməsi, habelə ekoloji vəziyyətinin yaxşılaşdırılması baxımından olduqca əhəmiyyətlidir.

https://report.az/energetika/azad-olunmus-erazilerde-yasil-enerji-zonasinin-yaradilmasi-ile-bagli-gorulen-isler-aciqlanib/