Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma qiymətlərinin müəyyənləşdirilməsi aşağı təbəqədən olan daha həssas qrupların xərclərinin azalmasına xidmət edəcək.
Ekspert Eldəniz Əmirov deyib ki, həm qazpaylayıcı şəbəkəyə, həm də elektrik şəbəkəsinə qoşulma ilə bağlı ödənişlərin məbləğində edilən mövcud dəyişikliyi təqdirəlayiq hesab edir: “Buna görə ki, burada doğru differensiasiya həyata keçirilib. Əvvəlki məqamlarda bir çox istiqamətlər üzrə podratçı təşkilatlarla istehlakçılar arasında tam fərqli yanaşmalar müşahidə edilirdi və müəyyən hallarda podratçılar daha yuxarı qiymətləri tələb şəklində qoyurdular. Hazırkı vəziyyətdə isə bir növ tənzimləmə həyata keçirmək mümkün olacaq”.
Onun sözlərinə görə, qazpaylayıcı şəbəkəyə qoşulma üzrə ödəniş məbləğləri podratçıların qiymət diktə etməsi məsələsinin qarşısını alacaq.
E. Əmirov qeyd edib ki, elektrik şəbəkəsinə qoşulma üzrə ödəniş məbləğlərinin təyin olunması da mühüm qərardır: “Çünki əksər evlərdə 1 fazlı təchizat üzrə 10 kVt istifadə olunur və bunun üçün artıq 40 manat ödəniş müəyyən edilib. Təsadüfi hallar olur ki, 1 fazlı təchizat üzrə 10 kVt-dan yuxarı istifadə olunur və bunun üçün təyin edilən 60 manat məbləğ də çox deyil. Statistika da göstərir ki, əhali isteklakçılarında 1 fazlı təchizat sxemi üzrə 5 kVt-dək qoşulmalar 97 % təşkil edir. Bu da böyük əksəriyyətin məhz 40 manatlıq göstəriciyə düşdüyünü sübut edir. Bütün bunlar sifarişçi qismində iştirak edən istehlakçıları podratçı təşkilatlar tərəfindən qiymət basqısından azad edir”.
Burada müəyyən istiqamətdə artım olduğunu diqqətə çatdıran ekspert bildirib ki, bu artımlar daha yuxarı səviyyədə olan 3 fazlı təchizat və aşağı gərginlik üzrə olan qoşulmalar üzrədir: “Qeyd etməliyəm ki, Tarif Şurasının qərarı podratçılarla sifarişçilər arasında münasibətlərə protokol yanaşmasını ortaya qoyur. Qəbul edilmiş bu qaydaların yerlərdə tətbiqinə ciddi nəzarət və monitorinq mexanizmi formalaşdırılmalıdır və davamlı olaraq işlək formada saxlanılmalıdır”.
Xatırladaq ki, Tarif (qiymət) Şurası bu gün keçirilmiş iclasında elektrik və qazpaylayıcı şəbəkəyə qoşulma xidmətləri üzrə ödənişlərin məbləğləri müəyyənləşdirib.
Məlumata görə, elektrik şəbəkəsinə qoşulma üzrə ödəniş məbləğləri aşağıdakı kimi müəyyən edilib:
- 1 fazlı təchizat üzrə 10 kVt-dək 40 manat/kVt;
- 1 fazlı təchizat üzrə 10 kVt-dan yuxarı 60 manat/kVt;
- 3 fazlı təchizat və aşağı gərginlik üzrə 293 manat/kVt;
- Orta gərginlik üzrə 170 manat/kVt.
Qazpaylayıcı şəbəkəyə qoşulma üzrə ödəniş məbləğləri isə aşağıdakı kimidir.
- Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə layihə smeta sənədlərinin hazırlanması da daxil olmaqla məişət qaz qurğularının (ümumi qaz sərfiyyatı 10 m3/saat olan) düz xətt üzrə 100 metr məsafədə yerləşən şəbəkəyə texnoloji və fiziki qoşulma xidməti üzrə birlikdə - 271 manat;
- Ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin şəbəkəyə fiziki qoşulma xidməti üzrə - 160 manat.
https://report.az/energetika/ekspert-elektrik-ve-qazpaylayici-sebekelere-qosulma-sertleri-hessas-qruplarin-xerclerini-azaldacaq/