Slovakiya Azərbaycandan təbii qaz idxal etmək üçün hər cür səy göstərəcək, bunu Bakıda Slovakiyanın iqtisadiyyat naziri Denisa Sakova deyib.
O vurğulayıb ki, Azərbaycan Mərkəzi və Şərqi Avropaya “mavi yanacaq” nəqlinin şaxələndirilməsində kifayət qədər böyük rol oynayır:
“İnanırıq ki, Slovakiyaya, eləcə də Şərqi və Mərkəzi Avropaya təbii qaz tədarükü sahəsində əlaqələr və əməkdaşlıq qura bilərik. Avstriya, Çexiya, Macarıstan kimi qonşu ölkələr də bununla bağlı maraqlı olduqlarını bildiriblər. Azərbaycandan Slovakiyaya təbii qaz idxal etmək və bununla da tədarükü şaxələndirmək, Rusiya təbii qazından imtina etmək üçün hər cür səy göstərəcəyik”.
Nazir Azərbaycanın gələcəkdə təbii qaz hasilatını artırmağı planlaşdırdığını diqqətə çatdırıb.
D.Sakova əlavə edib ki, bu gün Azərbaycan-Slovakiya Biznes Forumu zamanı Azərbaycan İnvestisiya Şirkəti ilə Slovakiyanın İxrac və İdxal Bankı (EXIMBANKA) arasında imzalanmış memorandumla kiçik su elektrik stansiyalarının tikintisi layihələri üzrə əməkdaşlıq nəzərdə tutulur.
https://report.az/energetika/denisa-sakova-slovakiya-tedarukleri-saxelendirmek-ucun-azerbaycan-tebii-qazina-umid-edir/