Böyük Britaniyanın BP şirkəti birinci rübdə xalis mənfəətini ötən ilin yanvar-mart ayları ilə müqayisədə 45 % azaldaraq 2,723 milyard ABŞ dollarına çatdırıb.
“2023-cü ilin 4-cü rübü ilə müqayisədə BP-nin 2024-cü ilin yanvar-mart aylarında mənfəəti 9 % azalıb. Bu, neft və qaz satış həcminin azalması, “Whiting” neft emalı zavodunun boş işləməsi və yanacaq marjalarının əhəmiyyətli dərəcədə aşağı olmasının nəticəsi idi”, - hesabatda qeyd edib.
Hesabat dövründə karbohidrogen hasilatının gündəlik həcmi 914 min barel neft ekvivalenti (2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 5,2 % azalma) təşkil edib. Orta satış qiyməti 36,64 ABŞ dollarına (2023-cü ilin birinci rübündə 46,95 ABŞ dolları) düşüb.
Eyni zamanda hesabatda qeyd olunub ki, bu ilin birinci rübündə 2023-cü ilin dekabr ayı ilə müqayisədə neft hasilatı 1,7 % artıb. Bura, həmçinin "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda yeni “Mərkəzi Şərqi Azəri” (ACE) platformasının işə salınması da təsir göstərib.
Şirkət qeyd edib ki, Xəzər dənizində uzaq məsafədən idarə edilən ilk dəniz platforması olan ACE-nin istismara verilməsi BP-nin bu il əldə etdiyi strateji nailiyyətlərdən biri olub.
Birinci rübdə BP-nin kapital qoyuluşları 4,278 milyard ABŞ dolları təşkil edib. 2024-2025-ci illər üçün şirkət ildə təqribən 16 milyard ABŞ dolları kapitalı xərci planlaşdırır.
“BP 2023-cü illə müqayisədə 2026-cı ilin sonuna qədər azı 2 milyard ABŞ dolları məbləğində xərclərə qənaəti qarşısına məqsəd qoyub. Azalmanın bütün biznes seqmentləri üzrə xərclərə qənaət tədbirlərinin nəticəsi olacağı və portfel keyfiyyətinin, rəqəmsal transformasiyanın və təchizat zəncirinin təkmilləşdirilməsi ilə dəstəklənməsi gözlənilir. Bu qənaətlərin bəziləri yenidən strukturlaşma ilə bağlı ola bilər”, - hesabatda qeyd edilib.
https://report.az/energetika/bp-azerbaycanda-yeni-platformanin-istifadeye-verilmesini-ilin-strateji-ugurlari-sirasinda-gosterib/