Bu barədə Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov (COP29 Azərbaycan üzrə baş icraçı direktor ) “29 İqlim söhbəti: COP29-a gedən yol” tədbirində məlumat verib.
Onun sözlərinə görə, inkişaf etmiş ölkələr karbon büdcəsinin 80 faizindən istifadə edərək inkişaf ediblər (yəni, iqtisadiyyat karbon dioksidinin böyük tullantıları ilə inkişaf edib), lakin indi onlar istixana qazlarının emissiyasının azaldılması ilə təbiətə dəyən ziyanı mümkün qədər azaltmağı düşünürlər.
"Lakin inkişaf etməkdə olan ölkələrin inkişaf etmiş ölkələr kimi imkanları yoxdur, iqlim tədbirləri üçün maliyyə imkanları yoxdur, onlara maliyyə yardımı göstərilməlidir. Bu, Azərbaycanda COP29 müzakirə olunan məsələlərdən biri olacaq. Azərbaycanda COP29 keçirilməsi ölkənin üzərinə böyük məsuliyyət qoyur və növbəti yüzillikdə daha bir belə fürsətin yaranacağını təsəvvür etmək mümkün deyil", - deyə Soltanov vurğulayıb.
O qeyd edib ki, Azərbaycan hökumətinin öhdəliklərindən biri milli öhdəliklər (NDC) çərçivəsində karbon dioksid tullantılarının 40 faiz azaldılmasıdır.
"Ümumiyyətlə, iqlim problemlərinin həlli normal həyat fəaliyyətinə ziyan vurmaqla həyata keçirilməməlidir və biz buna iqtisadi və sosial inkişaf modellərini tətbiq edərək nail olmağa çalışmalıyıq", - deyə Soltanov əlavə edib.
Onun sözlərinə görə, ölkədə metan tullantıları və bütün növ tullantılar problemini həll etmək, tullantıları elektrik enerjisi və ya faydalı məhsullar istehsalı ilə emal etməyə çalışmaq lazımdır.
Qeyd edək ki, cari ilin noyabr ayında Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə Bakı dünyanın mərkəzi olacaq və şəhər təqribən 70-80 min xarici qonağı qarşılayacaq.
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir. Tərəflərin Konfransı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali qərarverici orqandır.
Burada tərəflər Konvensiyaya üzv olan 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.
https://az.trend.az/business/green-economy/3897563.html