Azərbaycan və Gürcüstan “Azərbaycan-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin tikintisi prosesi sürətləndirmək niyyətindədir, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşündə bildirilib.
Azərbaycan ilə Gürcüstanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş mövqelərini gücləndirəcək “Azərbaycan-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin əhəmiyyətindən danışılıb.
Həmçinin, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında layihənin həyata keçirilməsi istiqamətində görülən tədbirlər nəzərdən keçirilib. Layihənin fiber-optik komponenti, PCI/PMI statusunun əldə edilməsi, Birgə Müəssisənin yaradılması, həmçinin Mərkəzi Asiyadan Avropayadək “yaşıl enerji” bağlantısının qurulması, beynəlxalq enerji şirkətləri və maliyyə institutları ilə əməkdaşlığa dair geniş fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan-Gürcüstan enerji əlaqələrinin geniş spektri müzakirə edilib. Dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafında regional və qlobal əhəmiyyətli enerji layihələri üzrə uğurlu birgə əməkdaşlığın rolundan bəhs edilib.
“Yaşıl enerji”nin inkişafı və ötürülməsi üzrə nazirlərin 7-ci iclasının məhsuldar keçəcəyinə qarşılıqlı inam ifadə olunub.
https://report.az/energetika/azerbaycan-ve-gurcustan-xezer-qara-deniz-avropa-yasil-enerji-dehlizi-uzre-fealiyyeti-guclendirir/