XƏBƏRLƏR

"Yaşıl enerji"yə dair birgə müəssisənin yaradılması istiqamətində Anlaşma Memorandumu imzalanıb

MAY 29, 2024

Rumıniyanın elektrik şəbəkəsi operatoru “Transelectrica” beynəlxalq tərəfdaşları olan Azərbaycanın enerji operatoru “AzərEnerji”, Gürcüstanın Dövlət Elektrik Sistemi və Macarıstanın MVM şirkəti ilə mərkəzi Rumıniyada yerləşən "yaşıl enerji"yə dair birgə müəssisənin yaradılması istiqamətində Anlaşma Memorandumu imzalayıb.

“Transelectrica” müəssisənin əsas məqsədinin 4 ölkənin hökumətləri tərəfindən qəbul edilən "Yaşıl Enerji Dəhlizi" layihəsinin həyata keçirilməsi olduğunu açıqlayıb.

"Yaşıl Enerji Dəhlizi" Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri tərəfindən Avropa Komissiyasının dəstəyi ilə qəbul edilən layihədir.

“Bu layihə regional enerji potensialını gücləndirəcək və Avropa İttifaqının enerji keçidi hədəflərinə uyğun şəkildə bərpa olunan mənbələrdən elektrik enerjisini rəqabətqabiliyyətli qiymətlərlə təmin edəcək”, - "Transelectrica" bildirib.

Layihənin məqsədi Avropa-Qafqaz bölgəsində "təmiz enerji" istehsalı və mübadiləsini qiymətləndirmək, bu cür mübadilələri asanlaşdırmaq üçün lazımi infrastrukturun yaradılmasıdır.

Qeyd edək ki, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” 2022-ci il dekabrın 17-də Buxarestdə imzalanıb. Bu dəhlizlə 4 QVt həcmində “yaşıl enerji”nin ixracı məqsədilə dənizdə sektorlar müəyyənləşdirilib, quruda ərazilər ayrılıb və növbəti proseslərə start verilib.

Qara dəniz sualtı kabel layihəsinin Texniki İqtisadi Əsaslandırmasını (TİƏ) “CESI” məsləhətçi şirkəti tərəfindən hazırlanacaq.

https://report.az/energetika/azerbaycan-ruminiya-gurcustan-ve-macaristan-birge-muessisenin-yaradilmasi-ucun-memorandum-imzalayiblar/