XƏBƏRLƏR

Azərbaycan Beynəlxalq Enerji Agentliyi ilə enerji səmərəliliyi üzrə birgə fəaliyyət göstərəcək

İYUN 03, 2024

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə enerji səmərəliliyi üzrə qlobal əməkdaşlığa nail olmaq üçün birgə fəaliyyət göstərəcək.

“Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birolla neft-qaz bazarındakı vəziyyət, Azərbaycanın Avropanın enerji təchizatında mövcud və gələcək rolu, həmçinin COP29 çərçivəsində enerji sahəsində fəaliyyət gündəliyindəki məsələlər üzrə əməkdaşlığa dair maraqlı müzakirələrimiz oldu. Azərbaycanın "yaşıl enerji" zonası, "yaşıl enerji" dəhlizi təşəbbüslərinin təbliği, enerji saxlanc sistemləri, yüksək gərginlikli sabit cərəyan (HVDC) kabelləri və enerji səmərəliliyi üzrə qlobal əməkdaşlığa nail olmaq üçün IEA ilə birgə fəaliyyəti razılaşdırdıq”, – deyə P.Şahbazov qeyd edib.

Nazirliyin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, P.Şahbazovun F.Birolla görüşündə qlobal neft və qaz bazarlarındakı vəziyyət, Avropada qaza tələbat dinamikasına təsir edən faktorlar, eləcə də bərpa olunan enerji istehlakının artması və enerji təchizatında müasir tendensiyalar nəzərdən keçirilib. Azərbaycanın Avropa üçün etibarlı enerji tərəfdaşı olduğunu artıq sübuta yetirdiyini vurğulayan F.Birol enerji təchizatında mürəkkəb vaxtlarda Avropaya qaz tədarükündə dəstəyinə görə ölkəmizə təşəkkürünü bildirib. Söhbət zamanı Avropaya qaz ixracının artırılması fossil yanacaqlara münasibət kontekstində dəyərləndirilib.

Görüşdə Azərbaycanın bərpa olunan enerji kursu, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın “yaşıl enerji zonası” kimi inkişafına dair konsepsiyası, “Xəzər-Qara dəniz-Avropa”, “Azərbaycan-Türkiyə-Avropa” və “Mərkəzi Asiya-Azərbaycan-Avropa” yaşıl enerji dəhlizlərinin yaradılması istiqamətində fəaliyyətindən bəhs edilib. “Yaşıl enerji” keçidində, bərpa olunan enerji güclərinin enerji sisteminə inteqrasiyasında önəmli rol oynayan şəbəkənin gücləndirilməsini təmin edən məsələlər müzakirə edilib. Bu xüsusda, enerji saxlanc sistemləri, yüksək gərginlikli sabit cərəyan (HVDC) kabelləri, həmçinin enerji səmərəliliyinin artırılması üzrə fəaliyyətin dəstəklənməsinin və qlobal əməkdaşlığın vacibliyi bildirilib.

https://report.az/energetika/azerbaycan-iea-ile-enerji-semereliliyi-uzre-birge-fealiyyet-gosterecek/