XƏBƏRLƏR

SOCAR bərpa olunan enerji layihələrinə investisiya yatırmaq istəyir

İYUN 05, 2024

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bərpa olunan enerji layihələrinə investisiya yatırmaq niyyətindədir, bunu SOCAR-ın prezidenti Rövşən Nəcəf bu gün keçirilən Bakı Enerji Forumunun I günündə bildirib.

Onun sözlərinə görə, bunun üçün şirkət dünyanın ən tanınmış, böyük enerji şirkətləri ilə əməkdaşlıq edir: "Belə əməkdaşlıq etmədən mümkün deyil".

R.Nəcəf qeyd edib ki, SOCAR neft-qaz şirkəti olaraq yaradılsa da, artıq enerji şirkəti kimi fəaliyyət göstərir: "Azərbaycanın enerji şirkətinin məxsusi rolu qonşu ölkələrin və təbii ki, evlərin enerji təhlükəsizliyini təmin etməkdir".

O vurğulayıb ki, SOCAR 2050-ci ilə qədər karbon emissiyasının sıfıra endirilməsinə nail olunmasını hədəf götürüb: "İnanırıq ki, biz bu hədəflərə nail olacağıq".

Qeyd edək ki, ötən ilin sonlarında SOCAR-ın Müşahidə Şurasının qərarı ilə qurumun tərkibində “SOCAR Green” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilib. Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Prezident İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamından irəli gələn tapşırıqlar çərçivəsində təsis olunan şirkətin əsas məqsədi SOCAR-ın strateji bərpaolunan enerji layihələrinin effektiv idarə edilməsi, bu sahədə beynəlxalq tərəfdaşlarla əməkdaşlıq imkanlarının genişləndirilməsi, habelə neft-qaz əməliyyatlarında dekarbonizasiya proseslərinə dəstək göstərməkdən ibarətdir.

“SOCAR Green” MMC Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə birgə “Meqa” layihəsinin ilkin mərhələsində quruda 1 qiqavat gücündə külək və günəş enerjisi, BP şirkəti ilə birgə Cəbrayıl rayonunda 240 meqavat gücündə “Şəfəq” günəş enerjisi layihələrini icra edəcək. Həmçinin şirkət tərəfindən “ACWA Power” (Səudiyyə Ərəbistanı), “Masdar” və “ Energy China” şirkətləri ilə birgə Naxçıvan Muxtar Respublikasında günəş və külək enerjisi layihələrinin icrası nəzərdə tutulur.

https://report.az/energetika/rovsen-necef-socar-berpa-olunan-enerji-layihelerine-investisiya-yatirmaq-isteyir/