XƏBƏRLƏR

Azərbaycan qazının TANAP vasitəsilə Türkiyə və Avropaya ixracı 63 milyard kubmetrə yaxınlaşıb

İYUN 12, 2024

Azərbaycan qazının Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyə və Avropaya nəqlinin həcmi 2024-cü il mayın 1-nə qədər təxminən 63 milyard kubmetr təşkil edib.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb.

“2018-ci il iyunun 12-də TANAP-ın Gürcüstan-Türkiyə sərhədindən Eskişehirə qədər olan hissəsi istifadəyə verilib. 2024-cü il mayın 1-nə olan məlumata görə, TANAP vasitəsilə Türkiyə və Avropaya 62,86 milyard kubmetr qaz tədarük edilib”, - məlumatda qeyd edilib.

Bildirilib ki, 2024-cü il mayın 1-nə qədər TANAP vasitəsilə Türkiyəyə 26,95 milyard kubmetr, Avropaya isə 35,91 milyard kubmetr Azərbaycan “mavi yanacağı”ı ixrac edilib.

Uzunluğu 1,85 min kilometr olan TANAP “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub.

Bu kəmərin ötürücülük qabiliyyəti 16,2 milyard kubmetrdir və bunun da 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyənin qərb regionlarına ixrac üçün nəzərdə tutulub.

https://report.az/energetika/azerbaycan-qazinin-tanap-vasitesile-turkiye-ve-avropaya-ixraci-63-milyard-kubmetre-yaxinlasib/