XƏBƏRLƏR

Azərbaycan və BMT-nin Ətraf Mühit Proqramı COP29-da əməkdaşlıq məsələlərini müzakirə edib

İYUN 27, 2024

BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə Azərbaycan arasında bir çox istiqamətlər, o cümlədən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Bu müzakirələr nazir Pərviz Şahbazov ilə BMT-nin Baş katibinin müavini və UNEP-in icraçı direktoru İnger Anderson arasında keçirilən görüşdə aparılıb.

Neft-qaz ölkəsi olaraq Azərbaycanın “yaşıl enerji” və iqlim üzrə fəaliyyəti, eləcə də “Qlobal Metan Vədi”nə qoşulması yüksək qiymətləndirilib, COP29 tədbirinə sədrliyin ölkəmizi iqlim dəyişmələrinə qarşı mübarizənin mərkəzinə çevirdiyi qeyd olunub.

Söhbət zamanı COP29 sədrinin Fəaliyyət Gündəliyinə daxil olan təşəbbüslər və prioritetlərdən, həmçinin enerji aspekti üzrə beynəlxalq tərəfdaşlarla birgə həyata keçiriləcək tədbirlərdən bəhs edilib. Azərbaycanın bərpa olunan enerji sahəsinə transformasiyasını təmin edən layihələrdən, eləcə də müxtəlif regionlarda olan “yaşıl enerji” istehsalçıları ilə istehlakçılarını birləşdirən “yaşıl enerji dəhliz”ləri və interkonnektorların enerji keçidinə töhfələrindən danışılıb. UNEP-lə metan emissiyalarının azaldılması, ölkəmizdə aqro-fotovoltaik sistemin inkişaf etdirilməsi, az tullantılı və tullantısız elektrik nəqliyyatına keçid layihəsi üzrə əməkdaşlığın inkişafına dair geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan-UNEP əlaqələrinin möhkəmləndirməsində COP-la yanaşı, 2026-cı ildə Bakıda keçiriləcək Dünya Ətraf Mühit Gününün roluna da toxunulub.

https://report.az/energetika/azerbaycan-ve-unep-cop29-da-emekdasliq-meselelerini-muzakire-edib/