Energetika Nazirliyinin Kollegiyası “Elektrik enerjisinin istehlakı ilə bağlı texniki tələblər”i təsdiqləyib.
Qərara əsasən, tikinti obyektinin qoşulduğu şəbəkədən asılı olaraq ötürücü və ya paylayıcı sistem operatoru ilə istehlakçı arasında elektrik enerjisi istehlakına görə hesablaşmaların aparılması üçün elektrik qurğuları onların texniki parametrlərinə uyğun elektrik sayğacı ilə təmin olunmalıdır.
Bundan başqa, istehlakçı üçün quraşdırılan elektrik sayğacı balans mənsubiyyəti sərhədində, tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin sərhədinə (girişində) qidalandırıcı kabelin uclarında, tikinti obyektinin qoşulduğu şəbəkədən asılı olaraq ötürücü və ya paylayıcı sistem operatorunun maneəsiz baxış keçirə biləcəyi yerdə quraşdırılmalıdır.
İstehlakçı üçün quraşdırılan elektrik sayğacının sıxaclar yuvasının (qutusunun) qapağında, onu qidalandıran cərəyan və gərginlik transformatorlarının ayırıcılarının intiqallarında, həmçinin uçot cihazına qoşulan naqillərin yığma sıxaclarında tikinti obyektinin qoşulduğu şəbəkədən asılı olaraq ötürücü və ya paylayıcı sistem operatorunun plombu vurulacaq.
Qərar 2025-ci ilin iyulun 1-dən qüvvəyə minəcək.
Nazirliyin Hüquq şöbəsinə bu qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
https://report.az/energetika/azerbaycanda-enerji-istehlaki-ile-bagli-texniki-telebler-tesdiqlenib/