XƏBƏRLƏR

"CarsCharge" ilə "RAHAT" və "BOLMART" supermarket şəbəkələri əməkdaşlığa başlayıb

AVQUST 07, 2024

"CarsCharge" elektrikdoldurma şəbəkəsi ilə "RAHAT" və "BOLMART" supermarket şəbəkələri arasında əməkdaşlığın başlanması elan edilib.

"Azərbaycanda elektrikli və hibrid avtomobillərin sayı hər il artır. Media resurslarındakı çoxsaylı məlumatlardan göründüyü kimi, hökumətin "Azərbaycan 2030" strategiyası çərçivəsində hədəf vəzifələrindən biri ölkədə "yaşıl nəqliyyat"ın inkişafıdır. Azərbaycan COP29 konfransının keçirilməsi üçün təsadüfən seçilməyib. Bu, Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin "yaşıl iqtisadiyyat"a keçid strategiyasının məntiqi davamı hesab edilə bilər.

Media mənbələrindən bildiyimiz kimi, ötən il Azərbaycana 3 000-dən çox elektromobil və 14 000 ədəd hibrid avtomobil idxal edilib. 2024-cü ilin yanvar-mart aylarında respublikaya 3 500-dən çox hibrid və təxminən 800 elektromobil gətirilib. Bu ilin iyul ayına olan vəziyyətə görə, dövlət tərəfindən 104 elektrikdoldurma məntəqəsi istifadəyə verilib. Özəl sektorun nümayəndəsi olaraq, biz ölkə sakinlərinə maksimum əlçatan olması üçün Azərbaycanda elektrikdoldurma stansiyaları seqmentini dəstəkləmək və inkişaf etdirmək istəyirik", - deyə "CarsCharge" şəbəkəsinin təsisçisi, iş adamı Adnan Əhmədzadə bildirib.

A.Əhmədzadənin sözlərinə görə, şirkət ötən ilin oktyabr ayından Azərbaycan bazarında uğurla fəaliyyət göstərir və bu günə qədər artıq elektromobillər üçün 20-dən çox elektrikdoldurma stansiyasını işə salıb.

O bildirib ki, hazırda "GRANDMART" və "MEGASTORE" supermarket şəbəkələri ilə də əməkdaşlıq barədə razılıq əldə edilib ki, bu da Azərbaycan üzrə hər il 100-ə qədər stansiyanın açılmasına kömək edəcək.

"RAHAT" və "BOLMART" supermarket şəbəkələri Azərbaycanın ən böyük şəbəkələrindən biridir və biz qurulmuş əməkdaşlıqdan məmnunuq. Əminəm ki, birgə səylərlə Azərbaycanın davamlı "yaşıl" gələcəyinə öz töhfəmizi verə biləcəyik", - deyə iş adamı fikrini yekunlaşdırıb.

Həmçinin, şirkətdən bildirilib ki, "CarsCharge" özünün hazırladığı mobil tətbiqi var və onu Android istifadəçiləri üçün "Google Play"dən, iOS istifadəçiləri üçün isə "App Store"dan yükləmək mümkündür. Bu, istifadəçilərin şarj stansiyalarından istifadəsini əhəmiyyətli dərəcədə asanlaşdıracaq.

https://report.az/energetika/carscharge-azerbaycanin-en-boyuk-supermarket-sebekeleri-ile-emekdasliga-basladigini-elan-edib/