“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Neftçalada Birləşmiş Ərəb Əmirliyinin “Masdar” şirkəti və beynəlxalq maliyyə təşkilatlarının iştirakı ilə hazırlıq görüşü keçirilib.
Neftçala rayonu İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun rəhbərliyi və “Masdar” şirkəti, beynəlxalq maliyyə təşkilatlarının nümayəndə heyətinin iştirakı ilə rayonun inzibati ərazisində inşa ediləcək 315 MVt gücündə günəş elektrik stansiyasının tikinti layihəsi ilə bağlı hazırlıq görüşü olub.
Beynəlxalq maliyyə təşkilatlarından Asiya İnfrastruktur İnvestisiya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Asiya İnkişaf Bankının, “WSP”-nin nümayəndələri günəş elektrik stansiyasının tikintisi layihəsi çərçivəsində onları maraqlandıran fikirlər səsləndirib, layihə ilə bağlı gözləntilər, ətraf mühütə təsiri, tikinti işlərinə cəlb olunacaq işçilərin sosial statusu, işsizliyin aradan qaldırılması, sosial vəziyyətin öyrənilməsi, tikinti işləri zamanı mövcud infrastrukturdan istifadə amilləri ətraflı öyrənilib, sual doğuran fikirlərə aydınlıq gətirilib, fikir mübadiləsi aparıblar.
Görüşdən sonra beynəlxalq maliyyə təşkilatlarının nümayəndə heyəti bərpa olunan enerji mənbələrinin inşa olunacağı əraziyə baxış keçirib, yerdə mövcud vəziyyətlə tanış olublar.
Qeyd edək ki, 4 iyun 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl Cabir tədbir Bakı Enerji Həftəsi çərçivəsində keçirilən sərgidə Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlini qoyublar.
https://report.az/energetika/neftcalada-gunes-elektrik-stansiyasinin-tikinti-layihesi-ile-bagli-hazirliq-gorusu-olub/