Bu ilin I yarısında Azərbaycan Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri daxil olmaqla magistral neft kəmərlərinin fəaliyyətindən 538 milyon 277,6 min manat (cari məzənnə ilə 316,6 milyon ABŞ dolları) gəlir əldə edib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 % çoxdur.
Yanvar-iyun aylarında magistral neft kəmərləri şəbəkəsində itkilər ötən ilin müvafiq dövründəki 1,7 min tonla müqayisədə 29,4 % artaraq 2,2 min ton təşkil edib.
Hesabat dövründə magistral neft kəmərləri ilə 19 milyon 238,6 min ton neft nəql olunub. Bu da 1 il əvvələ nisbətən 2,1 % azdır. Ümumi nəqletmə həcminin təxminən 75,2 %-i BTC-nin payına düşüb.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycanın magistral neft kəmərlərinin fəaliyyətindən əldə etdiyi gəlir 1 milyard 101 milyon 741,9 min manat (2022-ci ilin göstəricisindən 11,1 % az) təşkil edib. Şəbəkədə itkilər 3,8 min ton (31 % çox) təşkil edib.
https://report.az/energetika/azerbaycan-i-yarimilde-magistral-neft-kemerlerinden-elde-etdiyi-geliri-aciqlayib/