XƏBƏRLƏR

Azərbaycanda baş tutacaq ilk bərpa olunan enerji hərracı ilə bağlı konfrans keçiriləcək

AVQUST 30, 2024

Bu ilin sentyabr ayında Azərbaycanda keçiriləcək ilk bərpa olunan enerji hərracının təşkil ediləcəyi əraziyə hərracda iştirak edəcək şirkətlərlə birgə sahəyə səfər və layihə ilə bağlı konfrans nəzərdə tutulub.

Bunu Energetika Nazirliyinin tabeliyindəki Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) dəstəyi ilə həyata keçirilən Qobustan Günəş Elektrik Stansiyası (GES) üzrə elan edilmiş hərracda iştirakçılarından daxil olmuş təkliflərə baxılması, ixtisas uyğunluğunun müəyyənləşdirilməsi və hərracın qalibinin seçilməsi məqsədilə yaradılmış hərrac komissiyasının üçüncü iclasında bildirib.

C.Abdullayev Azərbaycanda keçirilən ilk bərpa olunan enerji hərracının prosesi barədə ümumi məlumat verib, həmçinin layihə çərçivəsində təkliflər sorğusu mərhələsinin tələblərinə uyğun olaraq hərracın təşkil ediləcəyi əraziyə - Bakı şəhəri, Qaradağ rayonu, Pirsaat qəsəbəsi ərazisində yerləşən 300,77 hektar torpaq sahəsinə səfərin təşkil olunacağı barədə bildirib.

Konfransda layihə çərçivəsində müzakirələrin aparılması və hərrac komissiyasının üzvləri, o cümlədən məsləhətçi şirkətin nümayəndələri tərəfindən hərrac iştirakçılarını maraqlandıran sualların cavablandırılması planlaşdırılır.

Hərrac komissiyyanın sədri Kamran Hüseynov hərrac ilə bağlı ötən iclasdan sonra görülmüş işlərə dair məlumat verib. Belə ki, hərracın ilk mərhələsinin (ixtisas uyğunluğunun müəyyənləşdirilməsi) icra qrafikinə uyğun olaraq uğurla başa çatdığını və 8 şirkətin ixtisas uyğunluğu tələblərinə uyğun hesab edilərək növbəti mərhələyə (təkliflər sorğusu) keçdiyini bir daha iclas iştirakçılarının diqqətinə çatdırıb. Komissiya sədri təkliflər sorğusu mərhələsi üzrə ötən dövr ərzində şirkətlər tərəfindən layihəyə dair müxtəlif daxil olmuş sorğuların məsləhətçi şirkətin iştirakı ilə cavablandırıldığını vurğulayıb.

Görüşdə həmçinin EBRD-nin və “Synergy” məsləhətçi şirkətinin nümayəndələri tərəfindən təkliflər sorğusu mərhələsi üzrə hərracda iştirak edən şirkətlərə təqdim edilmiş sənədlər və hərracın təşkili üzrə icra qrafikinə dair ətraflı məlumat verilib.

Sonda layihə çərçivəsində qarşıda duran məsələlərə dair müzakirələr aparılıb.

https://report.az/energetika/azerbaycanda-kecirilecek-ilk-berpa-olunan-enerji-herraci-ile-bagli-konfrans-kecirilecek/