Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın enerji operatorları tezliklə “yaşıl enerji” sahəsində yenilənmiş tərəfdaşlıq sazişi imzalamağı planlaşdırır.
Bu barədə Macarıstanın baş nazirinin ofisində beynəlxalq kommunikasiyalar və əlaqələr üzrə dövlət katibi Zoltan Kovaç “X” sosial şəbəkəsində ölkənin xarici işlər naziri Peter Siyartoya istinadən yazıb.
O, Buxarestdə dörd ölkənin nazirləri səviyyəsində “Qara Dəniz Sualtı Kabeli” layihəsi (Black Sea Energy) üzrə 8-ci görüşün başladığını bildirib və P.Siyartonun görüşdəki çıxışından sitat gətirib.
"Nazir Siyarto bildirib ki, gələcəkdə Azərbaycan və Gürcüstandan Macarıstan və Rumıniyaya “yaşıl elektrik enerjisi”nin idxalına imkan verəcək layihə praktiki icra mərhələsinə yaxınlaşır. Buxarestdə “yaşıl enerji” sahəsində Macarıstan-Azərbaycan-Gürcüstan-Rumıniya tərəfdaşlığına həsr olunmuş görüşdə nazir enerji təhlükəsizliyinin bu çətin dövrdə milli təhlükəsizliyin əsas elementi kimi əhəmiyyətini vurğulayıb”, - Z.Kovaç yazıb.
Bundan əlavə, o qeyd edib ki, P.Siyarto Macarıstanın dörd sütuna əsaslanan enerji strategiyasını açıqlayıb: “Pakş” AES-də iki yeni reaktorun tikintisi hesabına nüvə güclərinin artırılması, günəş enerjisi gücünün əhəmiyyətli dərəcədə artırılması, etibarlı enerji təchizatçıları ilə əməkdaşlıq və yeni təchizat marşrutlarının daxil edilməsi nəzərdə tutulur.
“Nazir “Azərbaycan-Gürcüstan-Avropa Qara dəniz” “yaşıl enerji” dəhlizi layihəsini nümunə gətirib. Bu layihə Gürcüstan və Azərbaycandan yeni enerji mənbələri təqdim edəcək, Macarıstanın enerji istehlakı dayanıqlığını artıracaq. P.Siyarto həmçinin layihənin sürətlə irəlilədiyini, iştirakçı ölkələrin elektrik enerjisi şirkətlərinin birgə müəssisə yaratdığını və tezliklə “yaşıl enerji” sahəsində dəyişikliyin edildiyi tərəfdaşlıq sazişi imzalamağı planlaşdırdığını qeyd edib.
Macarıstan XİN başçısı Avropa İttifaqının (Aİ) bu layihə üçün zəruri olan infrastrukturun inkişafına maliyyə dəstəyi verəcəyinə ümidvar olduğunu deyib və belə layihələrin uğurunun çox vaxt maliyyələşdirmədən asılı olduğunu bildirib. O, həmçinin qeyd edib ki, 1 100 km uzunluğuna görə rekord vuracaq sualtı kabel tikintisi başa çatdıqdan sonra “yaşıl elektrik enerjisi”nin idxalını asanlaşdıracaq.
Buxarestdə keçirilən nazirlərin 8-ci iclasında Azərbaycanı energetika naziri Pərviz Şahbazov təmsil edir.
Xatırladaq ki, 2022-ci il dekabrın 17-də Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “Black Sea Energy” sualtı elektrik kabelinin tikintisi haqqında strateji tərəfdaşlıq sazişi imzalanıb. Kabelin ötürmə gücü 1 QVt, uzunluğu 1 195 km-dir. 2023-cü ilin iyun ayında Bolqarıstanın layihəyə qoşulduğu elan edilib.
2024-cü ilin may ayında Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstanın enerji operatorları Black Sea Energy layihəsinin həyata həyata keçirilməsi çərçivəsində birgə müəssisənin yaradılması haqqında” memorandum imzalayıb.
Kabel 3-4 il ərzində çəkiləcək. Avropa Komissiyası bu layihəyə 2,3 milyard avro ayırmağı planlaşdırır.
https://report.az/energetika/peter-siyarto-black-sea-energy-layihesi-suretle-praktiki-icra-merhelesine-dogru-irelileyir/