Azərbaycanın enerji sisteminin gücləndirilməsi məqsədilə Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) tərəfindən maliyyələşdirilən artıq ilkin layihələr demək olar ki, imzalanmaq üçün hazırdır, bunu maliyyə naziri Samir Şərifov bildirib.
"Bu layihələrin reallaşdırılması öz növbəsində ölkənin enerji şəbəkəsinin müəyyən neqativ təsirlərə məruz qalmasının qarşısını alacaq”, - nazir vurğulayın.
Onun sözlərinə görə, hazırda beynəlxalq maliyyə institutları ilə layihələrin hazırlıq prosesi, onların dəyərləndirilməsi və sair bu kimi işlər aparılır: "Bu fəaliyyətin nəticəsi olaraq müvafiq sazişlərin imzalanması nəzərdə tutulur".
S. Şərifov Azərbaycanın ortamüddətli dövrdə layihə maliyyələşdirməsi üçün beynəlxalq maliyyə qurumlarından təxminən 5 milyard ABŞ dollarına qədər vəsaitin cəlb edə biləcəyi ilə bağlı qərar verildiyini qeyd edərək, bildirib ki: "Sözsüz ki, bu, bir günə əmələ gələn iş deyil".
Nazir hazırda Azərbaycanda xarici dövlət borcu ilə bağlı vəziyyətin olduqca qənaətbəxş olduğunu vurğulayıb.
“Bildiyimiz kimi, xarici dövlət borcu üzrə Azərbaycanda müvafiq strategiya qəbul olunub. Həmin sənədə uyğun olaraq Azərbaycan həm daxili həm də xarici dövlət borcunu ümumi daxili məhsulun (ÜDM) müəyyən nisbətinə uyğunlaşdırmalıdır. Xarici borcumuz əhəmiyyətli dərəcədə azalıb. Bu baxımdan hesab edirəm ki, bizdə vəziyyət hazırda olduqca qənaətbəxşdir", - S. Şərifov bildirib.
Qeyd edək ki, oktyabrın 31-də Dünya Bankının Direktorlar Şurası 294,5 milyon ABŞ dolları dəyərində olan Azərbaycanda bərpa olunan enerji mənbələrindən (BOEM) istifadənin genişləndirilməsi layihəsini (AZURE) təsdiq edilməsini planlaşdırır. EBRD-nin Direktorlar Şurası tərəfindən isə sentyabrın 11-də 30 milyon ABŞ dolları dəyərində olan Azərbaycanın bərpa olunan enerji imkanlarının inteqrasiyası üçün tələb olunan enerji sisteminin çevikliyini təmilləşdirməyə kömək edəcək layihənin təsdiq edilməsi gözlənilir.
Xatırladaq ki, Azərbaycanın xarici dövlət borcu bu il iyulun 1-nə 5 milyard 361,3 milyon ABŞ dolları təşkil edib. Xarici dövlət borcunun 64,2 %-i çoxtərəfli maliyyə institutları üzrə, 25,9 %-i xarici bazarda yerləşdirilmiş istiqrazlar üzrə, 9,9 %-i isə ikitərəfli maliyyə institutlarından cəlb edilmiş kreditlər üzrə öhdəliklərin payına düşüb. Borcun 25,9 %-i avrobondlar üzrə, 35 %-i Asiya İnkişaf Bankı üzrə, 16,7 %-i Dünya Bankı üzrə, 22,4 %-i isə digər kreditorlardan cəlb edilmiş öhdəliklər olub.
https://report.az/energetika/nazir-enerji-sisteminin-guclendirilmesi-meqsedile-artiq-ilkin-layiheler-beynelxalq-teskilatlarla-imzalanmaq-ucun-hazirdir/