XƏBƏRLƏR

Azərbaycan 8 ayda qaz hasilatını 2,5 % artırıb

SENTYABR 10, 2024

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 33 milyard kubmetr təbii qaz hasil edilib, bu barədə Energetika Nazirliyinin bu ilin 8 ayı üzrə açıqladığı operativ məlumatlarında deyilir.

Bildirilib ki, bu, 2023-cü ilin müvafiq dövrünə nisbətən 0,8 milyon kubmetr və 2,5 % artımla qaz hasil edilib.

Belə ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 5,1 milyard kubmetr təbii qaz hasil edib. SOCAR üzrə qaz hasilatının həcmi bir il öncəki göstəricidən 0,7 milyard kubmetr və ya 12,1 % azdır.

Bildirilir ki, hasil edilən qazın 8,7 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan, 18,1 milyard kubmetri “Şahdəniz” yatağından, 1,1 milyard kubmetri “Abşeron” yatağından hasil olunub.

2023-cü ilin ilk 8 ayı ilə müqayisədə AÇG-dən qaz hasilatı 0,1 milyard kubmetr və ya 1,2 % çoxdur. “Şahdəniz” yatağından qaz hasilatı isə 0,5 milyard kubmetr və ya 2,8 % artıb.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %), INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 29,99 %), "LUKoil" (19,99 %), TPAO (19 %), NİCO (10 %) "SGC Upstream" (21,02 %) şirkətləri iştirak edir.

"Abşeron" yatağı isə Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir. Bu, Xəzər dənizində "Şahdəniz" yatağından sonra ikinci böyük qaz yatağıdır.

"Abşeron" yatağı üzrə 2009-cu ildə Fransanın "Total" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında kontrakt imzalanıb. Hazırda Abu Dabi Milli Neft Şirkətinin (ADNOC) "Abşeron" qaz-kondensat yatağındakı payı 30 %, SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları müvafiq olaraq 35 % təşkil edir.

https://report.az/energetika/azerbaycan-8-ayda-qaz-hasilatini-2-5-artirib/