XƏBƏRLƏR

Azərbaycan EBRD ilə “yaşıl enerji” dəhlizlərini müzakirə edib

SENTYABR 11, 2024

Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə “Xəzər-Qara dəniz-Avropa” və “Azərbaycan-Mərkəzi Asiya-Avropa” “yaşıl enerji” dəhlizlərinin yaradılması layihələrini müzakirə edib.

Bu müzakirələr nazir müavini Orxan Zeynalovun EBRD-nin Türkiyə və Qafqaz üzrə icraçı direktoru Elisabetta Falcetti ilə keçirilən görüşdə aparılıb.

Qarşı tərəfə bu “yaşıl enerji” dəhlizlərinin yaradılması istiqamətində atılan addımlar, Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı təşəbbüslər və enerji sahəsində planlaşdırılan tədbirlər haqqında məlumat verilib.

Görüş zamanı energetika sektorunda Bankla mövcud əməkdaşlıqdan məmnunluq ifadə edilib, bərpa olunan enerji, enerji səmərəliliyi və aşağı karbonlu enerjiyə keçid kimi sahələrdə cari layihələr nəzərdən keçirilib, gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

EBRD-nin dəstəyi ilə həyata keçirilən Qobustan Günəş Elektrik Stansiyası (GES) üzrə hərrac prosesinin gedişatı qiymətləndirilib.

Qeyd edək ki, 100 MVt gücündə olan Qobustan Günəş Elektrik Stansiyası üzrə layihə EBRD-nin dəstəyi ilə həyata keçirilir. Stansiya Bakı şəhəri, Qaradağ rayonu, Pirsaat qəsəbəsi ərazisində yerləşən 300,77 hektar torpaq sahəsini əhatə edir.

Bu ilin aprel ayında Energetika Nazirliyi GES-in layihələndirilməsi, maliyyələşdirilməsi, tikintisi və istismarı üzrə hərrac keçirilməsini elan edib. Hərrac “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası”na əsasən hərrac komissiyası tərəfindən açıq auksion formasında, ixtisas uyğunluğunun müəyyənləşdirilməsi (RFQ) və təkliflər sorğusu (RFP) mərhələsi olmaqla 2 mərhələdə həyata keçirilir.

https://report.az/energetika/azerbaycan-ebrd-ile-yasil-enerji-dehlizlerini-muzakire-edib/