“China Energy International Group” öz törəmə şirkətləri vasitəsilə Azərbaycanda, xüsusilə bərpa olunan enerji sektorunda öz iştirakını genişləndirir, bunu şirkətin Azərbaycan üzrə meneceri Şansyan Vu deyib.
“2023-cü ilin iyun ayında Azərbaycan Energetika Nazirliyi ilə CGGCOIC ("China Gezhouba Group Co") arasında Anlaşma Memorandumu imzalanıb. Əsas diqqət Azərbaycanda günəş və külək enerjisi, enerji saxlanması və "yaşıl hidrogen" kimi bərpa olunan enerji sahəsində irimiqyaslı layihələrin inkişafına yönəldiləcək”, - o vurğulayıb.
Şirkətin Azərbaycan üzrə meneceri qeyd edib ki, 2024-cü il iyulun 3-də Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammiti çərçivəsində Çin Xalq Respublikasının sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb:
“Bu görüşdə "yaşıl enerji" və regional əlaqələr sahəsində səylərin artırılmasının vacibliyi vurğulanıb ki, bu da Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın yaradılması haqqında birgə bəyanatda da qeyd olunub.
“Energy China” şirkəti hər iki tərəf üçün uzunmüddətli strateji faydalar gətirəcək "Yaşıl Enerji Zonası" və "Yaşıl Dəhliz" təşəbbüsləri çərçivəsində əməkdaşlıq edir. Şirkət, həmçinin bərpa olunan enerji mənbələri sahəsində "SOCAR Green" və "Nobel Energy" kimi yerli şirkətlərlə əməkdaşlıq və tərəfdaşlığı gücləndirir”, - Şansyan Vu bildirib.
Bundan əlavə o vurğulayıb ki, "Energy China" tərəfindən dəstəklənən sənaye zəncirində enerji, nəqliyyat, rəqəmsal, su, ekoloji, sənaye və mədəni şəbəkələr arasında dərin inteqrasiya da perspektivli istiqamətlərdəndir.
https://report.az/energetika/energy-china-oz-toreme-sirketleri-vasitesile-azerbaycanda-istirakini-genislendirir/