Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Biləsuvar rayonunda 445 MVt gücündə günəş elektrik stansiyasının tikintisini maliyyələşdirməyi planlaşdırır. Məlumata əsasən, kreditin 22 oktyabrda təsdiqlənməsi gözlənilir.
380 milyon dollarlıq layihə AYİB-dən 100 milyon dollara qədər kreditlə dəstəklənəcək. Layihə "Abu Dhabi Future Energy Company PJSC" şirkət ("Masdar"ın törəmə şirkəti) tərəfindən həyata keçiriləcək.
Layihənin AYİB ilə yanaşı, bir sıra digər beynəlxalq maliyyə institutları tərəfindən də dəstəklənəcəyi gözlənilir.
Layihənin məqsədi ölkədə bərpa olunan enerjinin payını artırmaq, təbii qazdan asılılığı azaltmaq və karbon qazı emissiyalarını ildə 442 min ton azaltmaqdır. Layihə Azərbaycanın Paris Sazişi çərçivəsində ekoloji məqsədlərinə dəstək verəcək.
Layihə innovativ maliyyə strukturlarının istifadəsini nəzərdə tutur və ciddi ekoloji və sosial standartları ehtiva edir. Ətraf mühitə təsirin minimuma endirilməsi və biomüxtəlifliyin qorunmasının təmin edilməsinə xüsusi diqqət yetiriləcək. Layihə ərazisi su quşlarının yaşayış yeri ilə qismən üst-üstə düşür, lakin tədqiqatlar göstərmişdir ki, təbiətə heç bir mənfi təsir gözlənilmir.
Günəş elektrik stansiyası Azərbaycanın enerjinin aşağı karbonlu iqtisadiyyata keçidində mühüm addım olacaq və ölkənin ekoloji məqsədlərinə nail olunmasına töhfə verəcək.
Layihənin, əsasən, AYİB-in "yaşıl" iqtisadiyyata keçid (GET) yanaşmasına uyğun olması səbəbindən enerji keçidinə təsiri gözlənilir, çünki o, günəş enerjisindən istifadə etməklə elektrik enerjisi istehsal etməyə imkan verəcək.
https://az.trend.az/business/finance/3947693.html